Gürcüstanda siyasi böhran səngimir

Siyasət

09.11.2020 - 18:11

Qonşu ölkənin azərbaycanlı siyasətçiləri də əks qütblərə bölünüblər

 

“Gürcüstanda parlament seçkiləri olduqca ədalətli, şəffaf keçirildi. Bununla bağlı bir sıra müstəqil müşahidəçilər, xarici nümayəndə heyətləri və MSK öz yekun fikirlərini ifadə etdi. Ciddi qanun pozuntuları müşahidə edilmədi”.

 

Bunu AYNA-ya, Gürcüstan Parlamentinə hakim “Gürcü Arzusu”nun xətti ilə deputat seçilən azərbaycanlı Zaur Darğallı deyib. Onun sözlərinə görə, “Gürcü Arzusu”nun qələbəsini xalqın etimadı təmin edib: “Bizim komandanın fəaliyyətinin müsbət nəticəsi elə hər seçkilər zamanı xalqın verdiyi etimadla ölçülür, xalq bizə inanır, biz isə o inamı doğrulduruq”.

 

Müxalifətin keçirdiyi mitinqlərə gəldikdə, Darğallı bildirib ki, müxalifət hər zaman bu tip qalmaqala və taktikalara əl ataraq məğlubiyyət ilə razılaşmır: “Seçki öncəsi təbliğat-təşviqat kampaniyası zamanı da onlar təxribatlara əl ataraq xalq arasında fikir ayrılığı yaratmaq istədilər, lakin xalq nəyin doğru olduğunu seçki günü sübut etdi. Bu günə kimi atdıqları hər təxribat xarakterli addımlar kimi, bu boykot da heç bir nəticə verməyəcək, kimsə xalqın iradəsinə mane ola bilməz”.

 

Müxalif Gürcüstan Vahid Milli Hərəkat Partiyasının Marneuli rayonundan namizədi Əhməd İmamquliyev isə AYNA-ya açıqlamasında qedyd edib ki, seçki günü bütün məntəqələrdə qanun pozuntusu müşahidə edilib: “Bunu seçki adlandırmaq olmaz. Ona görə ki, bu seçkilər tamamilə qanun pozuntusu ilə keçirildi. Müxalifət olaraq bu seçkiləri qeyri-legitim sayırıq və seçkilərin yenidən keçirilməsini tələb edirik”.

 

“Seçkilərdən sonra nəticələri tanımadıq və parlamentdə təmsilçikdən imtina qərarı verdik. Biz mandatlardan imtina edərək, parlamentə getmirik. Buna görə yenidən seçkilərin keçirilməsini qabardıb, önə qoyuruq və tələb edirik. Hazırda davamlı etiraz aksiyaları keçirilir. Və biz ora bütün müxalif üzvlər və tərəfdaşlarımızla birgə yığışaraq, öz haqqımızı tələb edirik”, - İmamquliyev vurğulayıb.

 

Xatırladaq ki, oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçirilib. Seçkilərdə 48 partiya və iki seçki bloku iştirak edib. Bunlardan 9 partiya parlamentə düşə bilib. Nəticədə hakim “Gürcü Arzusu” səslərin 48.15%-ini qazanaraq parlametdə 61 mandat əldə edib.

 

Gürcüstanda parlamentində 3 azərbaycanlı da mandat qazanıb. Onlardan ikisi - Zaur Darğallı və Savalan Mirzəyev hakim “Gürcü Arzusu”nun nümayəndələridir. Darğallı Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada, Mirzəyev isə proporsional siyahı üzrə deputat mandatı əldə edib. Qanunverici orqana keçən üçüncü azərbaycanlı Abdulla İsmayılovdur. O, “Vahid Milli Hərəkat – Güc birlikdədir” müxalif birliyinin proporsional siyahısında 17-ci yerdə olub. İsmayılovun qanunverici orqanda təmsil olunub-olunmayacağı hələ məlum deyil. Belə ki, müxalif birlik seçkilərin qeyri-legitim olduğunu iddia edərək nəticələri tanımadığını açıqlayıb.

 

Onu da qeyd edək ki, bundan öncəki çağırış Gürcüstan Parlamentində 4 azərbaycanlı deputat təmsil olunurdu.

Müəllif: Ülviyyə Şahin