Gömrükdə rüşvət faktı təsdiqləndi, hadisənin təfərrüatı ortaya çıxdı

Hadisə

03.07.2019 - 18:25

Mayor yüklərin boşaldılması və gömrük yoxlamasının tezləşdirilməsi müqabilində qeyri-qanuni 400 manat aldığını etiraf edib

 

28 iyun 2019-cu il tarixdə "İrşad Trade 2018" MMC-nin ünvanına konteynerlə daxil olmuş velosiped yüklərinin gömrük yoxlanmasını növbəti günə keçirməmək və tezləşdirmək müqabilində Dövlət Gömrük Komitəsi (DGK) Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Şeyxov Duman Hüseyn oğlunun qeyri-qanuni olaraq şirkət nümayəndəsindən 400 manat pul alması barədə DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinə məlumat daxil olub.

 

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, dərhal Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi Duman Şeyxov saxlanılıb və faktla bağlı qanunvericiliyə uyğun olaraq araşdırma aparılıb. Aparılan araşdırmaların və gömrük əməkdaşının dindirilməsinin nəticəsi olaraq o, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində qeyd olunan yüklərin boşaldılması və gömrük yoxlamasının tezləşdirilməsi müqabilində qeyri-qanuni 400 manat aldığını etiraf edib. Bundan sonra Duman Şeyxov şalvarının sol cibində olan 4 ədəd 100-lük manat nominalında pul əskinaslarını könüllü olaraq təqdim edib.

 

Komitə sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Şeyxov Duman Hüseyn oğlu "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 50-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülüb. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə