Şübhəli bilinən şəxs saxlanılıb
Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində bir nəfərin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya bildirilib ki, Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü Kamil Cəfərov aldığı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Qətli törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, 2004-cü il təvəllüdlü Samir Hüseynov polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.