“Əsgər bağı” – AzTV-dən növbəti qısametrajlı film - VİDEO

Mədəniyyət

24.11.2022 - 16:20

Qazi ilə şəhid övladı AzTV-nin filmində baş rolda çəkildi

Azərbaycan Televiziyası “Əmanət” adlı qısametrajlı filmlər silsiləsini davam etdirir. AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AYNA-ya verilən məlumata görə, növbəti film “Əsgər bağı” adlanır.

Filmin baş qəhrəmanları Vətən müharibəsi iştirakçısı Elnur Əkbərov və şəhid kəşfiyyatçı, Azərbaycan Ordusunun kiçik çavuşu Elçin Mirzəyevin 3 övladından biri olan Əsma Mirzəyevadır.

E.Əkbərov 3 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb. O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

E.Mirzəyev isə 10 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun 3 qız övladı – Gülay, Əsma və Aylin Azərbaycan xalqına əmanət qalıb.

Filmin süjet xəttini şəhid övladının qaziyə göstərdiyi diqqət, qazinin isə onun şəhid övladı olduğunu öyrənməsi təşkil edir.

Filmin rejissoru Elvin Əhmədoğlu, ssenari müəllifi Vasif Ənvəroğlu, prodüseri Zamiq Əlövsətoğludur.

Rolları qazi Elnur Əkbərov və Elçin Mirzəyevin qızı Əsma Mirzəyeva canlandırıb.

Müəllif: Ayna.az