Ermənistan növbəti təxribata hazırlaşır: sərhəddə yeni gərginlik gözləntisi

Aktual

19.10.2022 - 14:10

Hərbi ekspert: “Atəş açılan düşmən mövqeləri Azərbaycan Ordusu tərəfindən darmadağın edilməlidir”

Analitik: “Bu dəfə də Azərbaycan Ermənistanın təxribatına adekvat cavab verəcək və düşmən yerindəcə məhv ediləcək”

Ermənistanın sərhəddə təxribatları davam edir. Demək olar ki, hər gün Azərbaycan Ordusunun mövqeləri düşmən tərəfindən atəşə tutulmaqdadır. Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, oktyabrın 18-i saat 18:40-dan oktyabrın 19-u saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman, Pəmbək və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Təzəkənd və Astaf, Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Azərbaycan Ordusu cavab zərbələri ilə qarşı tərəfi susdurub.

Ekspertlərin qənaətincə düşmən genişmiqyaslı təxribatlar törədə bilər. Azərbaycan Müdafiə Nazirliyi 2 gün əvvəl məlumat yaymışdı ki, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusu cəmləşdirib.

Ermənistanda da düşmənin yenidən Azərbaycan Ordusunun mövqelərinə qarşı hücuma hazırlaşdığı haqqında məlumatlar yayılıb. Bununla bağlı sosial şəbəkələrin erməni seqmentində aktiv müzakirələr gedir. Bildirilir ki, Ermənistanın hərbi büdcəsini artırması yeni müharibənin mesajı kimi qiymətləndirilə bilər.

Hərbi ekspert Ədalət Verdiyev prosesi AYNA-ya şərh edərkən bildirib ki, Ermənistan tərəfinin imzaladığı sənədləri, verdikləri bəyanatları yerinə yetirməməsi ilə ilk dəfə deyil ki, qarşılaşırıq: “Bu hal dəfələrlə təkrar olunub. Xüsusilə də, 44 günlük müharibədən sonrakı dövrdə bu hal ənənəvi xarakter alıb. Faktiki olaraq, Ermənistan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırır. Ermənistan rəsmiləri Naxçıvana maneəsiz dəhlizin açılmasından, Qarabağdakı qanunsuz silahlı birləşmələrin çıxarılmasından, sərhədlərin delimitasiyasından, sülh müqaviləsindən dəfələrlə danışıblar. Amma əməldə fərqli fəaliyyətlər ortaya qoyduqlarını görürük”.

“Liderlərin Brüssel görüşlərində və son Praqa görüşündə sülh müqaviləsinin imzalanması barədə müəyyən razılıqlar əldə edilsə də, Ermənistan tərəfi praktikada hansısa addımlar görmürük. Əksinə, razılaşmaların baş tutmaması üçün ciddi təxribatlara yol verir. Həm mövqelərimiz hər gün atəşə tutulur, Azərbaycanla şərti sərhəddə qoşunlarını cəmləşdirməsi Ermənistanın növbəti təxribatlara hazırlaşdığını göstərir. Növbəti dəfə Azərbaycanı sərt addım atmağa təhrik edir ki, sonradan bizi günahlandıra bilsinlər”, - deyə Ə.Verdiyev vurğulayıb.

Ekspert xatırladıb ki, Avropa Birliyinin 40 nəfərdən ibarət mülki missiyası da artıq regiondadır: “Bu təxribatların əsas məqsədlərindən biri də Azərbaycanı cavab tədbirlərinə vadar etmək, sonra isə rəsmi Bakını ittiham etməkdir. Mülki missiyaya göstərmək istəyirlər ki, guya Azərbaycan təxribat edir, razılaşmada maraqlı deyil”.

Ə.Verdiyev vurğulayıb ki, Ermənistanın mənfur niyyəti bizi o qədər də maraqlandırmır. Onun sözlərinə görə, atəş açılan düşmən mövqeləri Azərbaycan Ordusu tərəfindən darmadağın edilməlidir.

“Həmin mövqelərdə Azərbaycan Ordusu yerləşməli və orada bayrağımız dalğalanmalıdır. Bu, təxribatlara ara verməyən Ermənistan üçün təsirli və adekvat cavab olar”, - hərbi ekspert fikrini yekunlaşdırıb.

Sosial Tədqiqatlar Mərkəzində baş məsləhətçisi, təhlilçi Tural İsmayılov isə AYNA-ya bildirib ki, Ermənistan xarici dövlətlərin diqqətini çəkmək, regionda gərginliyin, münaqişənin qaldığı fonunu yaratmağa çalışır.

Onun sözlərinə görə, hazırda rəsmi İrəvanın manevr imkanları tükənib, bu səbəbdən də yeni təxribatlarla bölgədə gərginlik olması görüntüsü yaratmağa cəhd edir: “Ermənistanın sərhəddəki aktivliyi, sərhədə əlavə hərbi qüvvələr cəmləşdirməsi növbəti təxribatlar ehtimalını gücləndirir”.

“Bu gün Ermənistana həm də daxili auditoriyanın fikrini yayındırmaq lazımdır. Ölkə daxilindəki problemləri arxa plana keçirmək, gündəmi dəyişmək üçün təxribat əməllərinə əl ata bilərlər. Bu, Ermənistanın çoxdankı taktikasıdır”, - analitik əlavə edib.

T.İsmayılov vurğulayıb ki, başda Fransa olmaqla, bir neçə xarici dövlətdən və erməni lobbisindən İrəvana çağırışlar var: “Azərbaycanın ATƏT-in Minsk Qrupundan imtinası səbəbindən Ermənistana müəyyən güclərin yol göstərməsi halları çoxalıb. Üçüncü tərəflərin əli və göstərişi ilə İrəvan bölgədə vəziyyətin ağırlığı haqqında saxta fon yaratmağa çalışır. Ehtimal edirəm ki, düşmənin təxribatlara əl atması realdır”.

“Düşünürəm ki, əvvəllər olduğu kimi, bu dəfə də Azərbaycan Ermənistanın təxribatına adekvat cavab verəcək və düşmən yerindəcə məhv ediləcək. İrəvan anlamalıdır ki, törətdikləri hər təxribat Ermənistanın daha da zəifləməsi, məhv olması ilə nəticələnir”, - analitik fikrini yekunlaşdırıb.

Müəllif: Anar Bayramoğlu