"Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün səylər davam etdirilir”

Siyasət

29.09.2022 - 21:29

Zaxarova: "Sabitliyin təminatı üçtərəfli bəyanatın bütün müddəalarının həyata keçirilməsidir"

“Rusiya tərəfi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün ciddi səylərini davam etdirir, Bakı və İrəvanla əlaqədəyik”.

AYNA-nın “Report”a istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda sabitliyin təminatı üçtərəfli bəyanatın bütün müddəalarının həyata keçirilməsidir: “Söhbət Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının bütün müddəalarının tam yerinə yetirilməsindən gedir. Hazırkı vəziyyətdə regionda iqtisadi-nəqliyyat əlaqələrinin açılması və sərhədlərin delimitasiyası daxil olmaqla, bütün istiqamətlər üzrə işlərin intensivləşdirilməsini vacib hesab edirik”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Ermənistan tərəfinin atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Nicat İsgəndərov yaralanıb.

Müəllif: Ayna.az