Erməni təbliğatının səhvləri: artıq yalanları da təsirli deyil

Siyasət

17.10.2023 - 17:57

Xankəndidə mülki infrastruktur necə məhv edilib?

Uzun onilliklər ərzində Azərbaycana qarşı yalan və böhtan yaymaqda mahirləşmiş erməni təbliğatı BMT missiyasını “Azərbaycan ordusunun atəşə tutması nəticəsində Xankəndidə mülki infrastrukturun dağıdılmasını” görə bilməməkdə günahlandırır. Belə ki, Ermənistanın “news.am” nəşri BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə missiyasının Qarabağ bölgəsindəki insanların, eləcə də Ermənistandakı qaçqınların təcili ehtiyaclarını müəyyən etmək üçün Azərbaycan və Ermənistana bir həftəlik missiyasını başa çatdırdığı barədə məlumatlara istinadən, “hələ də mülki infrastrukturun dağıdılmasını görməməkdə” ittiham edir.

Eyni zamanda, nəşr bir illüstrasiya kimi yaşayış binasının zibillənmiş həyətinin fotosunu təqdim edir. Bu foto Ermənistanın “Armenia Today” nəşrinin bu il sentyabrın 19-da yaydığı videoreportajdan skrinşotdur.

Bir dəqiqəlik videoda yaşayış binasının həyəti əks olunur və kamera qarşısında danışan yaşlı erməni qadın “atəş” nəticəsində “partlayışdan və tüstüdən gözləri qaraldığını və birinci mərtəbəyə düşdüyünü” deyir. “Tüstünü gördüm, nəfəs ala bilməyəcəyini anladım”, - qadın danışır.

Azərbaycan ordusunun 24 saat ərzində həyata keçirdiyi lokal antiterror tədbirləri ərzində erməni təbliğatı yalnız bu videonu yayıb. Adətən belə görüntüləri sakinlərin özləri sosial şəbəkələrdə paylaşırlar, amma burada videonun erməni nəşri tərəfindən lentə alınması bir çox suallar doğurur.

Bundan əlavə, bu videonun harada və nə vaxt çəkildiyi də bəlli deyil. Görüntülərdə binanın pəncərələrinin şüşələrinin qırıldığı və damın bir hissəsinin zədələndiyi görünür. Bu binanın mərmi və ya raketlə vurulduğu görünmür.

Videodan aydın olur ki, binanın həyətində maşınlar var, onlardan birində dövlət nömrə nişanları açıq-aydın görünür - 159 SU 17. Qeyd edək ki, Ermənistanın Kotay rayonunun avtomobil kodu 17 rəqəmidir.

Və bu videonu əlində bayraq edən erməni təbliğatı dünya ictimaiyyətini “Azərbaycan ordusunun Qarabağın dinc əhalisinə qarşı törətdiyi cinayətlərə” inandırmağa çalışıb. İndi isə BMT missiyası Azərbaycanın Qarabağ bölgəsinə səfər edəndə “news.am” bu strukturu qərəzli olmaqda ittiham edir.

Erməni təbliğatçıları heç olmasa deyərdilər ki, bu yaşayış binası Xankəndidə hansı ünvanda yerləşir. Jurnalistlər həmin yerdən video çəkə bilərdilər, amma necə oldu ki, yerli sakinlər öz “faciə və kədərlərini” sosial şəbəkələrdə və ya beynəlxalq təşkilatların nümayəndələri ilə söhbətlərində bölüşmək üçün smartfonlarına heç nə çəkə bilmədilər?! Bu davranış hər hansı münasib və ya əlverişsiz məqamda bütün dünyaya Azərbaycanın “zülmünü” və “etnik təmizləmə” apardığını hayqıran ermənilərə heç bənzəmir.

Yadımdadır ki, hətta 44 günlük müharibə zamanı bir çox erməni teleqram kanallarında erməni nömrəsi olan ZU-23-2 zenit silahı ilə yük maşınını hərbi qənimət kimi götürən və bununla öyünən guya iki suriyalı muzdlunun təsvir olunduğu fotoşəkil yayılmışdı.

Fotoşəkili diqqətlə araşdıranlar “Suriya muzdlulardan” birinin boynunda qızılı rəngli döş xaçını görə bildi. Müsəlmanlar xaç taxmazlar, hətta şəriətə görə kişilərə haram olan qızıldan olanları da taxmazlar. Bəs erməni təbliğatı niyə belə mühüm detalları nəzərə almayıb?

Eyni hekayə yuxarıdakı videoya da aiddir. Erməni təbliğatı üçün əsas odur ki, Ermənistanda hardasa uçuq-sökük bir ev lentə alsın və sonra bunun “Azərbaycan ordusunun atəşə tutmasının nəticəsi” olduğunu iddia etsin...

Müəllif: Asif Aydınlı