Erməni qanı içən ermənilər: 34 illik cinayətin saxta və gerçək sifətləri

Siyasət

28.02.2022 - 18:44

Alim: "Hadisələrdən üç gün əvvəl varlı ermənilər əmanət banklarındakı pullarını çıxararaq şəhəri tərk etmişdilər, həmin varlı ermənilər bilirdilər ki, nələr baş verəcək"

Deputat: "Öldürülən ermənilərə Xankəndidə tələm-tələsik abidə qoyulması da təxribatın ermənilər tərəfindən öncədən planlaşdırıldığını göstərir"

Bu gün Sumqayıt hadisələrindən 34 il keçir. O hadisələrdən ki, hələ də Ermənistan bu hadisələr səbəbindən Azərbaycanı əsassız olaraq ittiham etməkdədir. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb ki, onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub.

Ermənistanın ittihamına ona görə əsassız deyirik ki, Sumqayıt hadisələri elə erməni millətçilərinin özləri tərəfindən təşkil edilmişdi. İğtişaşların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.

Daha doğrusu, hadisələr keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) ermənilərlə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan olub. Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnmə cəzasına məhkum edilsə də, şahid ifadələri əsl günahkarın əslində erməni E.Qriqoryan olduğunu sübut edir.

Eyni zamanda, bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ DTK-nın o vaxtkı sədri Vladimir Kryuçkov da etiraf edib. DTK-nın himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra - fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq həlak olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.

Qriqoryan 5 ermənini şəxsən öldürüb, 8 erməni qadını isə zorlayıb

Əsas məqamlardan biri öldürülən 26 erməni ilə bağlıdır. Sumqayıt hadisələrinin istintaqı ilə bağlı arxiv materiallarında qeyd edilir ki, öldürülən ermənilərin demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər olub. Yəni ki, onlar terroru dəstəkləməkdən imtina etdikləri üçün qətlə yetiriliblər.

Məsələn, hadisəni törədən əsas şəxslərdən olan Qriqoryan 5 ermənini şəxsən öldürüb, 8 erməni qadını isə zorlayıb. Onun zorladığı qadınlardan bir neçəsi məhkəməsində üzünə durublar. Lakin erməni təşkilatları bu cür cinayətlər törətmiş Qriqoryanı ağır cəzadan qurtara bilib. Qriqoryana 12 il iş verilib və o, bir neçə ildən sonra azadlığa buraxılıb.

Bir neçə il öncə Qriqoryanın sosial şəbəkələrdə hesabı üzə çıxdı və paylaşdığı şəkillərdən məlum oldu ki, o, Rusiyada şad-xürrəm həyatını sürür. Digər təqsirləndirilən şəxs - azərbaycanlı Əhməd Əhmədov isə Moskvada keçirilmiş məhkəmənin hökmü ilə güllələnməyə məhkum edilib və hökm icra olunub.

Bundan başqa, iğtişaşlara görə 3 minə yaxın günahsız Sumqayıt sakini həbs olunub. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edilib, 94 nəfər barəsində isə cinayət işi açılıb.

"Ermənilər bu gün də Sumqayıt hadisələrindən öz məqsədləri üçün yararlanmağa davam edirlər"

Hər il olduğu kimi, bu il də Ermənistan Sumqayıt hadisələrini gündəmə gətirib, Azərbaycana qarşı ittihamlar səsləndirib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə İrəvanın təxribatla bağlı əsassız iddialarına cavabında belə qeyd edir: "Ermənilər bu gün də Sumqayıt hadisələrindən öz məqsədləri üçün yararlanmağa davam edirlər. Onlar Sumqayıt hadisələri haqda dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, anti-Azərbaycan əhval ruhiyyəsi yaratmağa çalışırlar. Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və planlaşdırılmış təxribat idi. SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açıldı, istintaq aparıldı, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanlar müəyyən edildi. Qeyd istərdik ki, hadisənin qurbanlarından 6 nəfəri azərbaycanlı idi". 

Azərbaycan XİN-in rəsmi İrəvana cavabında digər məsələlər də qeyd edilib ki, bunu yazımızın girişində xatırlatmışıq.

Daha bir xatırlatmanı isə Azərbaycan Prezidenti İlham Əliyevin hadisələrlə bağlı 2019-cu il noyabrın 21-də dediklərinə yönəldək. Ölkə başçısı həmin gün Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edərkən demişdi ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir: "1985-ci ildə Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Çünki həm iqtisadi sahədə durğunluq hökm sürürdü, eyni zamanda, erməni millətçiləri baş qaldırmışdı, həm Dağlıq Qarabağda, həm də respublikamızın digər yerlərində, o cümlədən Sumqayıtda. Ulu öndər Heydər Əliyevin dövründə Dağlıq Qarabağda azərbaycanlı əhalinin faiz nisbəti kəskin artmışdı və azərbaycanlı əhali 30 faizə çatmışdı. Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı. Dağlıq Qarabağda erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında məsələ qaldırırdılar. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da yuva qura bilmişdilər və burada da xoşagəlməz proseslərə artıq təkan verilmişdi".

"Öldürüləcək ermənilər əvvəlcədən müəyyənləşdirilmişdi, onlar üçün abidə də hazırlanmışdı"

Hadisələrlə bağlı istintaqın üzə çıxardığı təkzibolunmaz dəlil və faktlarla yanaşı, bu hadisələrin canlı şahidləri də var. Onlar da bu təxribatın keçmiş SSRİ DTK-sının ssenarisi əsasında ermənilərin özləri tərəfindən məqsədli şəkildə törədildiyini deyirlər.

Hadisələrin canlı şahidi, tarixçi alim Məhərrəm Zülfüqarlı AYNA-ya deyib ki, bu, ermənilərin Azərbaycana və Azərbaycan xalqına qarşı təxribatı idi: “Məqsəd hadisələri daha da gərginləşdirmək, azərbaycanlılarla ermənilər arasında düşmənçiliyi şiddətləndirmək idi. O dövrdə bir çox ermənilər vardı ki, azərbaycanlılarla münasibətləri korlamaq istəmirdilər, təxribatçı soydaşlarının uydurduğu məsələlərə fikir vermirdilər, onların ideyasını dəstəkləmirdilər. Həmin təxribatçılar gördülər ki, Sumqayıt erməniləri bunların ideyasının həyata keçməsinə imkan vermirlər, düşmənçiliyin yaranmasında maraqlı deyillər. Ona görə də bu cür təxribat xarakterli qətlləri törətməklə məqsədlərini həyata keçirməyə çalışdılar. Bununla Azərbaycanda yaşayan erməniləri "fakt” qarşısında qoymağa çalışdılar ki, düşmənçilik alovlansın".

"Sumqayıtda öldürüləcək ermənilər əvvəlcədən müəyyənləşdirilmişdi, onlar üçün abidə də hazırlanmışdı. Qarabağ hadisələri baş verən zaman, o abidə Xankəndidə qoyuldu. Bu, faktdır. Konkret olaraq Sumqayıt hadisələrini erməni mərkəzlərinin törətdiyini sübut edən faktlar var. Məsələn, hadisədən qısa zaman əvvəl Sumqayıt polisinin silahı əlindən alınmışdı. Yəni Sumqayıtda hadisələri planlaşdıran mərkəzlərin əli ilə, Moskvadakı qüvvələrin göstərişi ilə polisin silahı yığışdırılmışdı. İkinci bir fakt: hadisələrdən üç gün əvvəl varlı ermənilər əmanət banklarındakı pullarını çıxararaq şəhəri tərk etmişdilər. Həmin varlı ermənilər bilirdilər ki, belə hadisələr baş verəcək", - deyə həmsöhbətimiz şahidi olduqlarını nəql edir. 

Alimin sözlərinə görə, Moskvadan erməni mərkəzlərinin göndərdiyi çəkiliş qrupları qabaqcadan Sumqayıta yerləşdirilmişdi: "Məqsəd də baş verəcək hadisələri çəkmək idi. Bütün bu faktlar sübut edir ki, hadisələr planlı şəkildə hazırlanmış təxribat idi. Ermənilərin özlərinin öldürdükləri soydaşları, Moskvadakı erməni mərkəzlərinə pul köçürməyən, azərbaycanlılarla düşmənçiliyin yaranmasını arzulamayan ermənilər idi. Onlar nifaqın yaranmasında maraqlı olmayan erməniləri siyahıya almışdılar, ünvanlarını müəyyənləşdirmişdilər. Hadisə baş verəndə də ilk öldürməyə gəldikləri ermənilər məhz düşmənçilik istəməyən ermənilər idi. Təsəvvür edin, binanın birinci mərtəbəsində yaşayan erməni ailəsinə toxunmayaraq, çıxıb 2-ci və ya 5-ci mərtəbədəki erməniləri qətlə yetirmişdilər".

"İndi biz bu qədər faktları, həqiqətləri yaymaqda çətinlik çəkirik"

"Hadisələrdən əvvəl Sumqayıtda heç kimin tanımadığı insanlar peyda olmuşdular. Bu adamlar millətlərarası nifaq səpməyə çalışanlar idi ki, müxtəlif şayiələr yayırdılar. Bu hadisələrin canlı şahidləri də var, tədqiqatını aparanlar da var. Həqiqətlərlə bağlı kifayət qədər materiallar var ki, bunu törədən ermənilər idilər. Amma bunlar dünyada hər şeyi saxtalaşdıraraq təqdim etdikləri kimi, Sumqayıt hadisələrini də saxtalaşdırırlar. Bunu da ermənilərin "soyqırımı” kimi təqdim etməkdədirlər", - deyə Zülfüqarlı vurğulayıb. 

Tarixçi qeyd edib ki, hadisəni hazırlayan Moskvadakı erməni mərkəzləri, təşkilatçılarından da biri Sumqayıtda yaşayan erməni əsilli Qriqoryan idi: "Sonradan ona cinayət işi qaldırıldı. Rusiyaya apardılar, çox yüngül bir cəza verildi, az müddətdə həbsdə yatdıqdan sonra azad etdilər. Bu da daha bir faktdır ki, hadisəni hazırlayan Moskvadakı erməni mərkəzləri, təşkilatçılarından da biri Sumqayıtda yaşayan erməni əsilli Qriqoryan idi ki, özünə "Paşa” ləqəbi götürmüşdü. İndi biz bu qədər faktları, həqiqətləri yaymaqda çətinlik çəkirik. Bir məsəl var ki, "arxalı köpək qurd basar”. Xristian dünyası erməniləri zaman-zaman müdafiə edir, onların yalanlarına inanırlar, onların yalanlarının yalan olduğunu bilsələr də, doğru kimi qəbul edirlər. Biz çalışmalıyıq ki, Azərbaycanın mövqeyini müdafiə edən, Azərbaycanın haqqını, həqiqətini qəbul edən əcnəbilərə dəstək verək. Onlar da yeri gəldikdə həqiqətlərimizi dilə gətirsinlər, mətbuatda çıxış etsinlər, tədbirlərdə fikirlərini səsləndirsinlər".

Öldürülən ermənilərə Xankəndidə tələm-tələsik abidə...

Milli Məclisin üzvü, tarixçi alim Musa Qasımlı da AYNA-ya açıqlamasında deyib ki, hadisənin icraçıları bu iğtişaşa qədər cinayət əməlləri üstündə bir neçə dəfə həbsxanada yatmış Eduard Robertoviç Qriqoryan və digər bir erməni olub: “Əlbəttə, Sumqayıt hadisələri ağrılı bir hadisə idi. Amma soruşulur: hadisə nə üçün məhz Sumqayıtda törədildi? Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına başladığı ilk günlərdən bu respublika ərazisində yaşayan azərbaycanlılar tarixən yaşadıqları dədə-baba torpaqlarından kütləvi surətdə qovulurdular. Azərbaycandakı ermənilər isə rahat bir şəkildə yaşayır və işləyirdilər".

"Ağdam-Əsgəran yolunda 1988-ci ilin yanvar ayında iki azərbaycanlı gəncin - Əli və Bəxtiyarın öldürülməsi də azərbaycanlılara ağır təsir etmişdi. Onlar münaqişənin ilk qurbanları idi. Sumqayıt sosial-iqtisadi baxımdan respublikanın digər şəhərlərinə nisbətən çətin və mürəkkəb bir yer idi. Respublikanın demək olar, hər bir yerindən Sumqayıtda adamların məskunlaşması da şəraiti mürəkkəbləşdirirdi. Müxtəlif illərdə cinayətlər törətmiş bir çox məhkumlar cəzalarını çəkdikdən sonra şəhərdə məskunlaşmışdılar. Cinayətkar elementlərin hadisələrdə iştirak etməsi onu göstərir ki, Sumqayıt şəhəri iğtişaşın törədilməsi üçün təsadüfü seçilməmişdi. Bütün bunlar hadisənin təşkilatçılarının iğtişaşın gerçək izinin itirilməsi barədə dərindən düşündüklərini söyləməyə imkan verir”, - deyə deputat söyləyib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar olaraq başladılmış cinayət işinin istintaq materiallarından aydın olur ki, hücum edənlər əvvəlcədən müəyyənləşdirilmiş mənzilləri seçmişdilər: "Qriqoryanın dəstəsinin öldürdükləri ermənilər erməni terror təşkilatlarına pul ödəməyən şəxslər idi. İğtişaşın təşkilatçılarına məlum olan həmin şəxslərin adları, soyadları və ünvanları əvvəlcədən icraçılara verilmişdı. Sumqayıt hadisəsi zamanı öldürülən ermənilərə Xankəndidə tələm-tələsik abidə qoyulması da təxribatın ermənilər tərəfindən öncədən planlaşdırıldığını deməyə əsas yaradır”.

M.Qasımlı qeyd edib ki, iğtişaşı törətməkdə məqsəd respublikanı təzyiq altında saxlamaq, hökmləri qəbul etdirmək idi: “İğtişaş Ermənistan rəhbərliyinə daha geniş anti-Azərbaycan kampaniyasına başlamaq, Azərbaycana qarşı təcavüz siyasətinə bəraət qazandırmaq və saxtakarlıqla azərbaycanlıların “vəhşi” obrazını yaratmaq üçün bir təbliğat vasitəsi kimi lazım idi. Bu gün də Ermənistan rəsmi səviyyədə Sumqayıt hadisələri ilə bağlı əsassız iddialar irəli sürür, bundan Azərbaycan əleyhinə istifadə etməyə cəhd göstərir. Həqiqət isə faktlardadır". 

Bəli, həqiqət əlahəzrət faktlardadır. Görünən odur ki, rəsmi İrəvan bundan sonra da ermənilərin özlərinin törətdikləri Sumqayıt hadisələrindən ölkəmiz əleyhinə istifadə edəcəklər. Lakin Azərbaycan da çalışmalıdır ki, həqiqətin nə olduğunu dünya ictimaiyyətinə çatdırsın - həm rəsmi, həm də qeyri rəsmi formada.

Müəllif: Anar Bayramoğlu