“Ənsar Allah”ın həfəflərinə zərbələr endirilib

Dünya

11.11.2024 - 11:58

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ və Britaniya Hərbi Hava Qüvvələri “Husilər”in hədəflərinə bir sıra zərbələr endirib

ABŞ və Böyük Britaniyanın Hərbi Hava Qüvvələri Yəmənin üsyançı “Ənsar Allah” (Husilər) hərəkatının hədəflərinə 9 dəfə zərbə endirib. AYNA xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.

Bildirilib ki, ABŞ və Britaniya aviasiyası Yəmənin qərbindəki Amran əyalətinin Harf Süfyan bölgəsinə azı 7 zərbə endirib. Ərəb ölkəsinin şimal-qərbindəki Saada əyalətinin Əl-Safra bölgəsindəki Əl-Rahba qəsəbəsi iki hava hücumuna məruz qalıb.

Zərərçəkən və ya yaralananlar barədə məlumat verilməyib.

Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra “Ənsar Allah” xəbərdarlıq edib ki, Fələstin anklavında əməliyyatlar dayandırılana qədər İsraili atəşə tutacaq və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə mane olacaq.

Ötən ilin noyabrından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum edib. “Ənsar Allah”ın hərəkətlərinə cavab olaraq, Amerika səlahiyyətliləri Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiya yaradıldığını və əməliyyatlara başladığını elan edib. Bundan sonra Böyük Britaniya və ABŞ silahlı qüvvələri mütəmadi olaraq Yəmənin müxtəlif əyalətlərində üsyançıların hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.

Müəllif: Ayna.az