Əhaliyə kommunal “bonus” – <font color=red> KARANTİNdə…</font>

Cəmiyyət

12.08.2020 - 22:03

İnandırıcı deyil, ortada texniki səhv olmalıdır

 

Bizim yan mənzildə yaşayış yoxdur, son 6-7 ildə də olmayıb. Yəni, biz ən yaxın məsafə qonşumuzun (ya da qonşuLARımızın) üzünü heç vaxt görməmişik.

 

Dünən evə gələrkən, həmin mənzilin qapısında "Azərişıq"dan qəbz gördüm - 2.86 manat borc! Qəribə gəldi: qonşumuz hansısa cihazı elektrik xəttinə qoşulu buraxıb gedib? Amma mümkün deyildi, çünki əvvəlki aylarda qəbzin üzərindəki borc məbləği 0 olurdu (qapının arasına yerləşdirilən kağız parçasını ya xidmətçilər götürüb atır, ya da biz - qapılarımız çox yaxındır).

 

“Bəlkə, artıq evə yerləşiblər, xəbərimiz yoxdur” - düşünə-düşünə mənzilə daxil oldum. Evdəkilərə ilk sualım da "qonşular nə zamandan köçüb?" oldu. Köçməyiblərmiş, mənzil qapısına sonuncu dəfə açar toxunduğu da illər əvvələ dayanırmış...

 

Evdəkilər niyə durduğum yerdə qonşu ilə maraqlandığım haqda maraqlandılar. Gördüyümü deyincə, “hə, bizə də qəbz gəlib, amma çox”, - dedilər. Doğrudan, çox imiş. Diqqət çəkəcək rəqəm – bizə heç vaxt bu qədər elektrik borcu gəlməzdi. Üstəlik, iyul ayında ev əhli bağda olub, mən də, ilin 12 ayı ərzində olduğum kimi - səhərdən-axşama işdə! Hamının evdə olduğu rəqəm də deyil ki, özümüzü inandıraq.

 

Maraq üçün bir-iki qonşu ilə əlaqə saxladım, onlar da təəccüblərini gizlətmədilər: “Vallah, elə bil, çox gəlib borc...!”

 

Üstündən keçməyə çalışdım. Zatən, karantindən dolayı hamının əsəbi gərilib, əlavə gərginlik kimsəyə lazım deyil – nə bizə, nə sizə, nə onlara... nə də onlara. Həm də tərəddüdüm vardı ki, biz də insanıq, qonşularımız da, onlar da – yanıla bilərik, texniki səhv ola bilər və bu, yalnız bizim binanın (ya da blokun) başına gələ bilər.

 

Və bu gün sosial şəbəkədə qarşıma xeyli sayda paylaşım çıxdı. Təəccüb, heyrət, şikayət dolu paylaşımlarda eyni trend hakim idi: “İşıqpulu borcumuz çox gəlib”. Özümüzdəki, qonşularımızdakı və sosial şəbəkədəki mənzərəni tutuşdurdum, analiz etdim – bir-birindən xəbərsiz vətəndaşların bir-birini təkrarlayan iddiaları (əslində, faktlar)!

 

... Bəlkə də, bu yerdə sözü bitirib, dərindən bir nəfəs alıb (və ya ah çəkib), başını yelləyib, əllini-əlinə çırpıb, “düzəlməyəcək”, - deyinə-deyinə, gedib ikiqat gəlmiş işıqpulu borcunu ödəmək lazımdır ki, o işığa da həsrət qalmayasan. Amma insanın içini qurd gəmirir, axı: Ola bilməz, bir yanlış var!

 

Bu “ola bilməz”ə gəlməyimə təkan verən faktorlardan biri də bu günlərdə Gürcüstandan olan bir tanışımla söhbətim oldu. Demişdi ki: “Gürcüstan hökuməti COVID-19 səbəbindən vətəndaşları kommunal xərclərdən azad edib (bəzən qismən, bəzən tam). Üstəlik, soyuq aylarda (noyabr, dekabr, yanvar, fevral) əhalinin kommunal xidmətlərə olan borclarının ödənilməsi üçün xüsusi proqram qəbul olunub. Həmin proqrama əsasən, ailənin ayda 200 kVt/saatdan çox olmayan elektrik enerjisi və 200 kubmetr təbii qaz istehlakı dövlət hesabına ödəniləcək”.

Yeni Şafak: Коронавирус может отправить на карантин армии всех ...

Bunları eşidən hər Adəm oğlu da mənim kimi düşünər: Gürcüstan kimi enerjiyə möhtac ölkə endirirsə, bizimkilər qaldırmaz! “Azərişıq” belə eləməz – mərkəzi kompüter sistemində problem yaranıb, hər halda. Zatən, karantin rejimi davam edir, işsizlik var, sosial-iqtisadi problemlər var, narazılıq var, hətta, ən yuxarı səviyyəsdə sərt iradlar və təlimatlar var.

 

Deməli, “Azərişıq” (və yeni sədr Vüqar Cəbrayıl oğlu Əhmədov müəllim) bu cür “siyasi” səhvə yol verməz. Olsa-olsa, texniki səhvə yol verə bilər. Ki, onu da sabah mətbuat mirzəsi camaata “al dillə” qəbul etdirər – “uddurar”.

 

P.S. Məsələ şişsə (ki, bundan böyük şişmi olar?!), “Azərişıq”dan veriləcək rəsmi açıqlamanın mətnini də hazırlamışam, onların yerinə yaya bilərəm. Ömrümüz belə şablon “arqument”lərlə keçdi...

Müəllif: Tural Talehoğlu