Əfsanə Bakıya gəlir

İdman

22.03.2023 - 23:07

“Galatasaray”ı Bakıya aparmağın mənəvi tərəfi daha da dəyərlidir

Biz görüşəndə rəqəmlərə bir də baxdıq – 59 000-dən çox satılmışdı.  62 000 biletin satışı artıq problem deyildi…

Emin İmanov iş adamıdır. Nüfuzlu Boğaziçi Universitetindən məzun olan həmyerlimiz iş həyatı xaricində Türkiyənin ən populyar futbol klublarından birinin rəhbərliyində də təmsil olunub. O, “Galatasaray” Sportif A.Ş. və GSYİAD 1905 İdarə Heyətlərinin üzvü, çocuqluq sevgisi olan “Cimbom”un rəhbərliyindəki ilk azərbaycanlıdır.

Emin İmanovun şəxsi təşəbbüsü ilə 26 mart 2023 tarixində Bakıda, Olimpiya stadionunda “Qarabağ” – “Galatasaray”la qardaşlıq (yoldaşlıq deyil, məhz qardaşlıq) oyunu keçiriləcək. 

Mart ayının sonu milli komandaların oyunları səbəbilə Avropa liqalarında fasilə var. Klublar mövcud formalarını qorumaq üçün yoldaşlıq maçları üçün klublar axtarırlar. “Galatasaray”a Almaniya Bundesliqasının bir neçə klubundan təklif vardı. Ancaq E.İmanovun “Galatasaray”ı Bakıya aparmaq kimi bir arzusu vardı. “Qarabağ” klubu ilə danışandan sonra klubun başqanı onun israrını diqqətə alıb nəhayi qərarı verdi.

Ancaq “Galatasaray”ı Bakıya aparmağın mənəvi tərəfi daha da dəyərlidir. Çünki bilet satışından əldə edilən gəlirin tamamı zəlzələdən zərər çəkmiş türkiyəli qardaşlarımıza yardım olaraq köçürüləcək…

Emin bəylə bərabər ikən ona bir telefon zəngi gəldi. 

Türkiyənin ən tirajlı qəzetinin müxbiri idi. 

Mikrofon açıqdı və həmyerlimiz danışdıqca jurnalistin səsinin necə titrədiyini hiss etdik, “Çok duyğulandım” dedi ən sonda.

Azərbaycan zəlzələdə qardaş ölkəyə ən çox yardım edən ölkə oldu. 

Futbol biletlərindən əldə ediləcək yardım ölkəmizin yardımı ilə müqayisədə azdır, ancaq onun dəyəri qiymətsidir, başqadır.

Türk futbolunun əfsanəsini Azərbaycanın çoxminli “Galatasaray” fanatları canlı izləyəcək, Muslera, İkardi, Mertens, Zaniolo kimi dünya ulduzlarını yaxından görəcəklər.

Bizim futbolsevərlər üçün unudulmaz bir axşam olacaq.

Əfsanə Bakıya Gəlir!

Müəllif: İbrahim Nəbioğlu