Dünya İranla qapıları bağlayır, biz nəyi gözləyirik - <font color=red> KORONAVİRUSLA ÜZ-ÜZƏ</font>

Cəmiyyət

28.02.2020 - 18:07

"Təhlükəsizlik strukturları bu məsələ ilə əlaqədar olaraq hərəkətə keçməli, dövlət başçısı qarşısına məsələ qaldırmalıdır"

 

Artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. Belə ki, İran İslam Respublikasından Azərbaycana daxil olan Rusiya Federasiyası vətəndaşında xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xüsusi rejimli infeksion boksa yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib.

 

Qeyd edək ki, bundan öncə də Azərbaycan vasitəsilə İrandan üçüncü ölkəyə gedən bir neçə şəxsdə də virus aşkarlanıb. Əvvəlcə İrandan gəlib, Azərbaycan vasitəsilə "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsindən Gürcüstana keçmiş bir Gürcüstan vətəndaşında, daha sonra isə Belarusa Bakıdan uçmuş iranlı tələbədə virus olduğu müəyyən edilib.

 

İrandan qayıdan əcnəbilərin, o cümlədən də iranlıların Azərbaycan üzərindən hərəkət etməsinə isə bütün ölkələrin İranla olan sərhədini bağlaması, həmçinin İrandan təyyarə reyslərini ləğv etməsi səbəb olub. Ancaq nədənsə, Azərbaycan hələ də İranla sərhədi bağlamayıb. İndi, demək olar ki, ölkə əhalisinin də əksəriyyətini, məhz bu sual narahat edir. Koronavirus təhlükəsinin ciddiliyini və bu narahatlıları nəzərə alaraq məsələyə AYNA tutmağa çalışdıq.

 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bu barədə sorğumuza cavab olaraq bildirildi ki, sərhədin bağlanması gömrük orqanlarının səlahiyyətinə aid deyil.

Картинки по запросу

Ölkənin baş epidemioloqu İbadulla Ağayev isə qeyd etdi ki, indiki halda, ümumiyyətlə sərhədin bağlanılmasından söhbət gedə bilməz: “Çünki bizim İranla iqtisadi, ticarət əlaqələrimiz var. Ancaq vəziyyət gərginləşsə və ölkələr arasında qarşılıqlı razılığa gəlinsə, o zaman bu məsələ aktual ola bilər. Yəni profilaktik tədbir kimi ölkə sərhədi bağlana bilər. Bu da ancaq ölkə rəhbərinin səlahiyyətində olan məsələdir”.

 

Keçmiş MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın fikrincə, bu amili gözardı etmək iqtisadi vəziyyəti də gərginləşdirə bilər: "Ona görə də İranla sərhədin bağlanmaması, gediş-gəlişin müəyyən vaxta qədər dayandırılmaması çox təəccüb doğurur. Əgər İranda martın 7-dək məktəblər də bağlanıbsa, nəyə görə biz İranla sərhədi bağlamırıq? Çünki başqa məsələlərdə də İranla münasibətlərdə hər zaman o qədər yumşaq davranılıb ki, virus məsələsində də həmin yumşaqlığı nümayiş etdirirlər. Bununla da Azərbaycan xalqına olan əzici vəziyyəti nümayiş etdirirlər”.

Картинки по запросу

“Vətəndaşın taleyini hansısa siyasi münasibətlərə qurban vermək olmaz. Bu, onun birbaşa fiziki sağlamlığı və ölkəni bürüyə biləcək təhlükə ilə müqayisə olunur. Əgər bütün ölkələr (hətta Ermənistan belə) İranla sərhədi bağlayırsaq, biz nəyə görə bağlamayaq? Bəlkə İran bizə buna görə hər hansı sağ ol deyəcək, Ermənistanla incikliyi yaranacaq? Təbii ki, heç vaxt belə bir fikir olmayacaq”, - İ.İsmayıl əlavə edib.

 

Müsahibimiz Çinə aviareyslərin bərpa olunması məsələsinə də münasibət bildirib: “Dünyanın bütün ölkələrində Çinə uçuşlar ləğv olunub, biletlər geri qaytarılıb. Bu məsələdə vaxtından əvvəl hər hansı bir addım atmaq vətəndaşları təhlükəli vəziyyətə salmaq deməkdir. Bunu indiyə qədər əsaslandırılmış şəkildə deyən yoxdur. Heç kim əsaslı şəkildə demir ki, sərhədi niyə bağlamırıq. Bu barədə dövlət izahat verməlidir. Əgər belə izahat olsa, həm əhali rahatlanar, həmçinin media nümayəndələrində də əlavə suallar yaranmaz”.

 

Ekspertin sözlərinə görə, sərhədin bağlanması barədə Nazirlər Kabineti qərar verməlidir: “Bu məsələ təhlükəsizlik konsepsiyasında da öz əksini tapıb. Konsepsiyada səhiyyə ilə bağlı maddə var. İndiki halda ölkənin epidemioloqları birləşərək hökumətə müraciət etməlidirlər. Həmçinin təhlükəsizlik strukturları bu məsələ ilə əlaqədar olaraq hərəkətə keçməli, dövlət qarşısında, dövlət başçısı qarşısına məsələ qaldırmalıdırlar. Onlar da bu məsələ barədə qərar qəbul etməlidirlər”.

 

Onu da bildirək ki, İrandan Azərbaycana aviareyslər də təxirə salınmayıb. Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski AYNA-ya açıqlamasında məlumat verib.

Müəllif: Rumiyyə Miraslan