Dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ

Xəbərlər

27.11.2022 - 16:35

DİN hərəkət iştirakçılarına müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) sabah ölkə ərazisində görmə məsafəsini məhdudlaşdıracağı gözlənilən dumanlı hava xəbərdarlığı ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

AYNA xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin KiV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sürücüləri avtomobillərini yavaş və diqqətli idarə etməyə çağırıb: "Xüsusilə gecə və səhər saatlarında qatı duman səbəbindən ölkənin magistral yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşması ehtimal olunur. Sürücülərdən sürət həddini hava şəraitinə uyğun nizamlamaları, avtomobillərinin xarici işıq cihazlarının sazlığına əmin olmaları, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələritələb olunur. Həmçinin piyadalardan da məsuliyyətli olmaları, sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalıdırlar".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti noyabrın 28-də ölkə ərazisində qatı duman müşahidə olunacağı ilə bağlı xəbərdarlıq edib. Məlumata görə, ölkənin magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Müəllif: Ayna.az