DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”

Aktual

28.03.2024 - 10:55

Əli Nağıyev: “Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir”

“Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur”. AYNA xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev rəsmi qəzetə müsahibəsində deyib.

O qeyd edib ki, Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 3890 vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi, işğaldan azad olunmuş ərazilərdə kütləvi məzar yerlərinin müəyyən olunması, meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsi istiqamətində hazırda intensiv iş aparılır.

"Görülən tədbirlər nəticəsində 107 itkin düşmüş şəxsin eyniləşdirilməsi təmin edilmiş, onların sırasından 1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunmuşdur. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaqdır. İtkin düşmüş vətəndaşlarımızın axtarışı kimi həssas məsələ ilə əlaqədar dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan mühüm tapşırıqlar bundan sonra da tam və vaxtında icra ediləcəkdir", - general-polkovnik Əli Nağıyev vurğulayıb.

“Fransa regionda sülhə dəstək vermək əvəzinə 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlamış və xalqımıza qarşı soyqırımı cinayətləri törətmiş Ermənistanı silah-sursatla təmin edərək orada öz hərbi missiyasını yaratmaqla revanşist hisslərin alovlanmasına rəvac verir, Ermənistanı yeni müharibəyə təhrik edir, Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək planını reallaşdırmağa çalışır”, - deyən DTX rəisi Əli Nağıyev bildirib.

O bildirib ki, Fransa hətta məqsədinə çatmaq üçün bütün bunlarla kifayətlənməyərək öz xüsusi xidmət orqanı nümayəndələri vasitəsilə müxtəlif şəxsləri məxfi əməkdaşlığa cəlb edib casus şəbəkəsi formalaşdırmaqla Azərbaycanın milli təhlükəsizliyinin zərərinə fəaliyyət göstərir: “Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu fəaliyyət ifşa olunaraq dərhal və operativ şəkildə zərərsizləşdirilmiş, zəruri və adekvat addımlar atılmışdır. Əməliyyat şəraiti daim nəzarət altında saxlanılmaqla dövlətimizin təhlükəsizliyinə yönələn təhdidlərin qabaqlanması və qarşısının alınması istiqamətində müvafiq tədbirlər bundan sonra da görüləcəkdir. Biz yeni çağırışlara və bölgəmizdə cərəyan edən mənfi təzahürlü proseslərin hər cür ssenarisinə daim hazır olmalı, təhlükəsizliyin etibarlı şəkildə təmin olunması məsələsində ayıq-sayıqlığımızı əldən verməməliyik”

Deyib ki, hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməklə yanaşı, əməliyyat şəraitinin mürəkkəbləşməsinə səbəb olur: “Beynəlxalq aləmdə gedən proseslər təbii ki, ölkəmizdən də yan keçmir və o da sirr deyil ki, Azərbaycanda mövcud sabitliyə və təhlükəsizliyə təhdid riskləri bu gün də vardır. Görünən odur ki, respublikamızın dünya miqyasında gündən-günə artan nüfuzu, həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə qazandığı ardıcıl qələbələr, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün yaranmış əlverişli şərait bir sıra Qərb ölkələrini, məqsədi bölgədə heç də sülh və sabitliyin təmin edilməsi olmayan və iki dövlətin sərhədində "müşahidə missiyası" adı altında fəaliyyət göstərən dairələri, xüsusilə Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürən, əslində isə birtərəfli mövqe tutaraq uzun illər ərzində Ermənistana himayədarlıq edən, ona hərtərəfli dəstək göstərən Fransanı ciddi narahat edir”.

Müəllif: Ayna.az