Döyüşə katolikoslar gedir?

Siyasət

24.09.2023 - 10:24

Həkimlər Klinikalar SEO Xidməti

Kilsəsi öz təəbələrini Azərbaycana qarşı səfərbərliyə çağırır

Erməni kilsəsi Azərbaycanın öz ərazisində suverenliyini tam bərpa etmək istiqamətindəki hərəkətlərinə bərk qəzəblidir. Beləliklə, Böyük Kilikiya Evinin katolikosu I Aram “Qarabağı xilas etmək üçün” erməniləri ümummilli səfərbərliyə çağırıb. O, bunu Antiliasda (Livan) Qarabağın erməni əhalisinə dəstək üçün keçirilən dua mərasimində bildirib.

“Ermənilər Azərbaycanın təcavüzünə müqavimət göstərmək üçün bütün mümkün tədbirlərə əl atıblar, lakin heç kim erməni xalqının dərdini eşitməyib və paylaşmayıb, Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə kömək etməyib”, - deyə o söyləyib.

Aramın sözlərinə görə, BMT-dən tutmuş Avropa İttifaqına (Aİ) qədər beynəlxalq ictimaiyyət yalnız müraciətlərlə kifayətlənib və heç kim “aclıq çəkən insanlara kömək etmək” üçün konkret addım atmayıb: “Qarabağ əhalisinin hüquqlarının müdafiəsi ilə bağlı bir təşəbbüs də olmayıb, üstəlik, dünya Bakının erməniləri necə soyqırımına məruz qoymasına səssizcə baxır. Biz müdafiəsiz və təkik, daha səbr edə və dözə bilmərik”.

Katolikos ermənilərin harada olduqlarını və onların vətənlərinin “alındığı” anda nə etdikləri ilə maraqlanıb və dərhal öz fəaliyyət planını təqdim edib. Planın əsas qayəsi bütün erməni xalqının potensialını birləşdirilməsidir: “Birincisi, biz hər yerdə ayağa qalxmalıyıq: Ermənistanda, Qarabağda və bütün dünyada dünyaya narazılıq nümayiş etdirməli və Artsax xalqının öz müqəddəratını təyinetmə hüququna dəstəyimizi bildirməliyik. Təcili olaraq bütün sferaların nümayəndələrinin - din xadimlərindən tutmuş siyasətçilərin iştirakı ilə milli toplantı təşkil etmək lazımdır. Ölkə üçün yeni strategiya və taktika hazırlamaq lazımdır”.

İki ay əvvəl Ermənistan hakimiyyətini Xankəndinin “blokadası” götürülənə qədər Azərbaycanla bütün danışıqları dayandırmağa çağıran din xadimindən kifayət qədər axmaq bir bəyanatın şahidiyik. Və daha əvvəl, 2019-cu ilin mayında Aram Ermənistanı və Azərbaycanın o vaxtkı işğal olunmuş Qarabağ bölgəsini “birləşdirməyə” çağırmışdı.

Bəs ayağa qalxan ermənilər öz narazılıqlarını dünyaya nümayiş etdirsələr, nə olacaq?! Fransa, Almaniya və ABŞ 44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələrindən bacardığı qədər tez qaçan “igid” Ermənistan ordusu üçün vuruşacaq?

Arama paralel olaraq bütün ermənilərin katolikosu II Qareqin bildirir ki, “parçalanma, konsolidasiyanın olmaması, biganəlik, siyasi konsensusun olmaması Ermənistanı yeni zərbələrə sürükləyəcək və bu reallıq dövlətçiliyə açıq təhlükədir”.

Sentyabrın 21-də Ermənistan müstəqilliyinin 32-ci ildönümünü qeyd etdi. Ermənilərin Qarabağa iddiaları Ermənistan üçün böyük problemə çevrildi. Ermənistan hakimiyyətinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın bəndlərinin həyata keçirilməsini sabotajla bağlı mövqeyi Azərbaycan Silahlı Qüvvələrinin bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi antiterror əməliyyatına səbəb olub. Ermənistanın son üç ildə oynadığı şou başa çatıb. Azərbaycan öz torpaqları üzərində suverenliyini tam bərpa edib.

İndi Ermənistan öz gələcəyi ilə bağlı şans qazanır. Azərbaycan torpaqlarının 30 illik işğalı yalnız Ermənistan dövlətçiliyinə zərbə vurdu. Ermənistanın xarici siyasətdəki bugünkü problemləri, ölkə əhalisinin daim qorxu və dəhşət içində olması, sosial, siyasi və iqtisadi qeyri-sabitlik bütünlüklə onun Azərbaycan torpaqlarına iddialarından qaynaqlanır.

Kənardan ixrac edilən Qarabağ problemindən qurtulan Ermənistan potensialını öz gələcək inkişafına cəmləşdirə bilər. İlk növbədə Azərbaycanla sülh müqaviləsi bağlamaq və Türkiyə ilə münasibətləri normallaşdırmaqla.

Amma gördüyümüz kimi, Qaregin və Aramın timsalında erməni kilsəsi öz təəbələrini Qarabağın itirilməsi ilə barışmamağa, Azərbaycanla sülh və əmin-amanlıq içində yaşamamağa çağırır. Bu baxımdan sağlam düşüncəli ermənilər düşünməlidirlər ki:

Ermənistanın dövlətçiliyinə kim və nə kimi təhlükə yaradır?

Nə qədər ki, erməni cəmiyyəti onların kilsəsinin güclü təsiri altındadır, Ermənistan xarici oyunçulardan asılı olacaq, Cənubi Qafqazda autsayder olaraq qalmaqda davam edəcək.

Qaregin və Aramın Ermənistan üçün istədiyi gələcək budurmu?

Müəllif: Asif Aydınlı