Doktorantura və dissertanturaya sənəd qəbulu başlayır

Xəbərlər

31.03.2023 - 11:40

Aprelin 5-dən sənəd qəbulu başlayacaq

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi müəssisə və təşkilatlarının 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və AMEA Rəyasət Heyətinin 13 mart 2023-cü il tarixli 10/7 nömrəli qərarına əsasən fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir. AYNA xəbər verir ki, bu barədə AMEA-dan bildirilib.

Doktorantura və dissertanturaya sənəd qəbulu 05 aprel - 05 may 2023-cü il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın müvafiq elmi müəssisələrində aparılacaq.

Qəbul şərtləri:

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dil, fəlsəfə və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayan şəxslər fəlsəfə fənnindən imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə məqbul alan şəxslər ixtisas fənni üzrə imtahanda iştirak etmək hüququ əldə edirlər.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmaq istəyən şəxslər xarici dil üzrə ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında keçid balını toplamalıdırlar.

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq elmi müəssisələrinə (elmi müəssisələrin ünvanını www.science.gov.az saytından əldə etmək olar) təqdim olunmalıdır:

- elmi müəssisənin rəhbərinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG - əgər varsa).

Qeyd edək ki, xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG) malik olan şəxslər müvafiq sertifikatı Dövlət İmtahan Mərkəzinə təqdim etdikdə xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq hüququna “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdir.

Elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıda qeyd olunan sənədlər AMEA-nın müvafiq elmi müəssisələrinə təqdim edilməlidir:

- elmi müəssisənin rəhbərinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı;

- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun notarial qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Müəllif: Ayna.az