Diqqət: toplanın, dağılın!

Siyasət

26.06.2023 - 10:16

Siyasi partiyaları niyə bir çətir altına yığmışdılar, niyə özlərini buraxdırırlar?

Respublikaçı Alternativ Partiyası (ReAL) yenidən dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət edib. Partiyanın sədri İlqar Məmmədov bildirib ki, üzvlərinin 5118 nəfərlik siyahısı nazirliyə təqdim edilib.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə görə, hər bir siyasi partiyanın 5000-dən artıq üzvü olmalıdır. Bununla yanaşı dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılır. Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.

2019-cu ilin noyabr ayından Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi təsis olunub və bu şöbənin yaradılmasından sonra Azərbaycan hökumətinin siyasi partiyalarla münasibətləri yeni formaya keçib. Uzun fasilədən sonra onlarla yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması, vaxtı ötürülmüş qurultayların keçirilməsi məqsədilə bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülməsi, 30 siyasi partiyanın qurultaylarının keçirilərək nəticələrinin dövlət qeydiyyatına alınması, qərargahı olmayan 25 siyasi partiya üçün ofislər ayrılması və digər məqamlar bu qəbildəndir.

Lakin sonradan Azərbaycan iqtidarı siyasi partiyalara münasibətini yenidən dəyişdi və “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu ilə xırda partiyaların ləğvi məsələsi gündəmə gəldi. Onlarla siyasi partiyanın öz fəaliyyətinə xitam verməsi, əksər partiyaların təkrar qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməməsi yeni siyasi konifuqrasiyanın göstəricisi kimi qiymətləndirilir.

Hər kəsi düşündürən sual budur: siyasi partiyalar niyə bir yerə toplanmışdı və niyə sonradan onlar özlərini buraxır? Bəs, dünya təcrübəsində siyasi partiyaların fəaliyyəti necə tənzimlənir və sayları nə qədərdir?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda siyasi fəaliyyət üçün münbit şərait yoxdur: “Siyasi aktivlik bilavasitə seçkilərə bağlıdır. Seçki institutu olmadığına görə siyasi partiya institutu da yoxdur. Hökumət yanlıları bəyan edirlər ki, kiçik partiyalar bağlanmalıdır. Guya bu addım siyasi həyata yenilik gətirməyə, “cırtdan” partiyaları bağlamağa xidmət edir. Böyük, yoxsa kiçik, hansı partiyanın siyasi proseslərə ciddi təsir imkanları mövcuddur ki?! Heç hakim Yeni Azərbaycan Partiyasının da siyasi proseslərə real təsir imkanları yoxdur”.

“Siyasi partiyaların gücü seçkilərdə bilinir. Proporsional seçki sistemi ləğv olunub. Misal üçün, Sinan Oğan bir o qədər də güclü siyasi partiyanın və ya blokun rəhbəri deyildi. Lakin seçkilərdə normal nəticə göstərdi. Azərbaycanda siyasi partiyaların güclü olması hansı meyarlarla ölüçür? Bu suala cavab yoxdursa, partiyaların gücü barədə danışmaq mənasızdır”, - siyasətçi bildirib.

ADP sədrinin sözlərinə görə, yeni qanun kiçik partiyaları yox, “arzuolunmaz” partiyaları sıradan çıxarmağa xidmət edir: “Yəni, ümumilikdə bu prosesi nəzarət altına almağa çalışırlar. Hətta belə iddialar da sürülür ki, siyasi partiyalar birləşəcək. Bu, partiyalar tərəfindən könüllü sürətdə həyata keçirilməlidir, təlimatla yox. Ona görə də düşünmürəm ki, qanuna görə kimsə birləşəcək. Sadəcə olaraq, ölkədə elə ictimai-siyasi proseslər ola bilər ki, onda birləşmə günün tələbatına çevrilər. Belə olan zaman, əlbəttə ki, siyasi partiyalar mütləq birləşəcək”.

Müsavat Partiyasının başqanı Arif Hacılı AYNA-ya şərhində yeni qanunun iqtidarın maraqlarına xidmət etdiyini söyləyib: “Bu yöndə atılan addımlar hakimiyyətin siyasi partiyaları öz ətrafında cəmləşdirməyə çalışması məqsədi daşıyır. Azərbaycan iqtidarı siyasi partiyaları öz ətrafında cəmləşdirir. Elə bir siyasi şərait yaradır ki, hər şeyə özü nəzarət etsin. Zaman-zaman ölkədə olan demokratik dəyərləri, demokratik institutların fəaliyyətini məhdudlaşdırmaq xətti götürür. Bu məqsədlə referendumlar keçirilir, qanunlarda dəyişikliklər edilir”.

“Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bu dəyişikliklər hər dəfə qanunların və konstitusiya maddələrinin mürtəceləşməsi ilə nəticələnir. “Siyasi partiyalar” haqqında yeni qanun da bu qəbildəndir. Ölkədə normal siyasi sistem olsaydı, minimum 5 min üzv tələbini normal qarşılamaq olardı. İndiki halda Azərbaycanda seçki, siyasi partiyalar institutu yox dərəcəsindədir, sərbəst toplaşmaq azadlığı isə məhdulaşdırılıb”, - deyə başqan vurğulayıb.

Qərb ölkələrindəki siyasi sistemlə müqayisəyə gəldikdə, Hacılı belə münasibət bildirib: “Burada müqayisə mümkün deyil. Siyasi şəraitin yenilənməsi adı altında atılan addımların siyasi islahatlarla yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Çox təəssüf ki, ölkəmiz bu sarıdan da çox geridə qalıb. Çünki bütün təşəbbüslər hakimiyyətin güclənməsinə xidmət edir. Bu mənada müqayisələr də qüsurlu və lüzumsuzdur”.

Müəllif: Azər Niftiyev