Diqqət: təhlükə var! - FOTOLAR

Cəmiyyət

17.03.2023 - 18:04

Paytaxtın bu hissəsinə ayaq bassanız...

Səməd Vurğun küçəsindən keçən Bakı sakinləri və qonaqların həyatlarına ciddi təhlükə yaranıb. Oxuculardan birinin AYNA-ya verdiyi məlumata görə, Səməd Vurğun küçəsi 8 ünvanında yerləşən memarlıq binasının eyvanı uçur.

Onun sözlərinə görə, son aylar ərzində bu binanın eyvanından qopan üzlük parçaları səkiyə düşür və bu da yoldan keçənlər üçün təhlükə yaradır: “Binaya bərkidilmiş lövhəyə nəzər salsaq, ev 1895-ci ildə tikilib və tarixi abidə kimi dövlət tərəfindən qorunur. Dəhşətli odur ki, görünən təhlükəyə baxmayaraq, heç kim bu problemi həll etmək fikrində deyil”.

İstər-istəməz 2013-cü ilin avqustunda Bakıda baş verən faciəli hadisə yada düşür. O zaman Lermontov küçəsindəki binadan oradan keçən gəncin başına daş düşmüşdü. Gənc xəstəxanada dünyasını dəyişmişdi.

Oxucumuzun redaksiyaya göndərdiyi fotoşəkillərə görə, üzlük hissələri demək olar ki, hər gün eyvandan tökülür.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən AYNA-ya bildirilib ki, adıçəkilən bina tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunmasına baxmayaraq, yaşayış binasıdır və yerli İcra Hakimiyyətinin balansındadır, buna görə də təmir-bərpa işləri ilə onlar məşğul olmalıdır.

Öz növbəsində sözügedən binanın ərazisində yerləşdiyi Səbail Rayon İcra Hakimiyyətindən (RİH) redaksiyamıza belə bir açıqlama verilib: “Sözügedən məsələ ilə bağlı müvafiq strukturlara məlumat verilib. Əlavə olaraq qeyd edək ki, Səməd Vurğun küçəsi, 8 ünvanında yerləşən yaşayış binasının qəzalı vəziyyətdə olan eyvanı cari ilin təmir siyahısına salınıb”

Bu məsələdə oxucuların diqqətini bir nüansa cəlb etmək istərdik. Çəkilən fotoşəkillərə görə, balkondan tökülən üzlüklər küçənin hərəkətli hissəsinə düşür, hətta yaxınlıqda butik də var. Fotodan görünür ki, eyvandan səkiyə düşən üzlük süpürülür, yəni Səbail RİH-in müvafiq qurumları jurnalistlərin iştirakı olmadan da bu problemdən xəbərdardırlar, lakin nədənsə onlar bu problemi həll etməyə tələsmirlər.

Axı küçənin yoldan keçənlərin üstündən keçən bu hissəsində hər gün xəsarət alacağı, ya da Allah eləməsin, həyatlarını itirəcəkləri təhlükəsi var. Doğrudanmı, aidiyyəti strukturlar faciəvi halların qarşısını almaq üçün yoldan keçənlərə xəbərdarlıq məqsədilə, küçənin təhlükəli olan hissəsini lentlə bağlamaq bu qədər çətindir?

Təəssüflər olsun ki, bəzi məmurlarımız öz vəzifələrinin icrasını deyil, özlərinin rifahını daha çox düşünməyə öyrəşiblər. Belə çıxır ki, yoldan keçənlərin taleyi birbaşa vəzifəsinə vətəndaşların təhlükəsizliyini təmin etmək daxil olan məmurlardan yox, bütünlüklə vətəndaşlıq məsuliyyəti duyan oxucudan asılıdır.

Görünür, məmurlar o qədər “işləri ilə məşğuldurlar” ki, burunlarının dibində nə baş verdiyini görmürlər. Səməd Vurğun küçəsinin bu hissəsi ilə gedərkən diqqətli olun.

P.S. Problemi diqqətə saxlayacağıq.

Diqqət: təhlükə var! - Diqqət: təhlükə var! - Diqqət: təhlükə var! - Diqqət: təhlükə var! -
Müəllif: Asif Aydınlı