İyunun 12-də Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 12-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı (ikinci cəhd) keçirəcək. Bu barədə AYNA-ya DİM-dən bildirilib.
Qeyd olunub ki, imtahanda mayın 23-31-də qeydiyyatdan keçmiş aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər:
- Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini verilən linkdən çap etməlidirlər.
- Ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilmiş imtahandan “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri. Bu kateqoriyaya aid olan abituriyentlər isə imtahana buraxılış vərəqəsini buradan çap etməlidirlər.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini.
- a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
- b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).