Güclü külək və yağış dağıntılara səbəb olub

Hadisə

12.07.2019 - 19:58

Güclü külək və yağış qərb bölgəsində bir sıra fəsadlar törədib

 

Ölkədə qeyri-sabit hava şəraiti davam etməkdədir. AYNA xəbər verir ki, "Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhərində günorta saatlarından başlayaraq əsən güclü külək şəhər ərazisində bir neçə iri gövdəli ağacları aşırıb.

 

Ağaclardan bəziləri yaxınlıqdakı avtomobillərin üzərinə düşüb. Xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Şəhərin Heydər Əliyev prospektində "Mercedes" markalı avtomobilin üzərinə ağacın aşması nəticəsində yolda bir müddət nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. 

 

Eyni zamanda güclü külək Şəmkir, Tovuz və Ağstafa rayonlarında da müşahidə olunub. Elektirik dirəklərinin aşması səbəbindən bəzi ərazilərdə elektirik enerjisinin verilməsində fasilələr yaranıb. 

 

Gədəbəy rayonuna isə dolu düşüb. Nəticədə meyvə ağaclarına və əkin sahələrinə ziyan dəyib.

 

Qeyd edək ki, bölgədə küləkli və yağıntılı hava şəraiti davam edir.

Müəllif: Ayna.az