Deputatlardan araq və siqaretlə bağlı irad: “Cavan dostum rəhmətə getdi”  

Cəmiyyət

07.05.2024 - 15:13

Sabir Rüstəmxanlı: “Rayonlara gedəndə marketlərə baxırsan, qəşəng adlı araqları qoyublar, amma qiyməti 3-4 manatdır”

Qüdrət Həsənquliyev: “Marketlərdə artıq qızlar alıcılara siqaret təklif edir”

Bu gün Milli Məclisin iclasında “Tütün və tütün məmulatı haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlarına təklif edilən dəyişikliyiklər müzakirə olunub. Müzakirələr zamanı deputatlar – Sabir Rüstəmxanlı və Qüdrət Həsənquliyev tənqidi çıxış ediblər.

S.Rüstəmxanlı irad bildirib ki, Azərbaycan bu qədər araq istehsalında məşhurdursa, bizə niyə ölkədən kənara çıxa bilmirik: “Vaxtilə Azərbaycanın “Ağdam” şərabı var idi. Deyirdilər, “Ağdam” şərabı ilə Rusiyanı “işğal” edəcəyik”. İndi də Azərbaycanın yaxşı şərabları var. Amma ixrac yoxdur, kənara çıxara bilmirik. Deməli, ya bunun keyfiyyəti aşağıdır, ya da iş düzgün qurulmayıb”.

“Rayonlara gedəndə marketlərə baxırsan, qəşəng adlı araqları qoyublar, amma qiyməti 3-4 manatdır. Baxanda bilinir ki, saxtadır. Bəs, buna lisenziyanı kim verib? Mənim cavan dostum saxta araqdan rəhmətə getdi”, - deyə rüstəmxanlı iradını səsləndirib.

Deputat Qüdrət Həsənquliyev isə “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklin inhisarçılığın yaranmasına xidmət etdiyini söyləyib. Millət vəkili bildirib ki, qanun layihələri sui-istifadəyə dair ekspertizadan keçirilməlidir: “Bu qanunda hüquqların əsassız məhdudlaşdırılması müşahidə edilir, qeyri-bərabərlik yaradılır. Yeni fəaliyyət sahəsi yaradanlara bəzi müddəalar şamil edilir, köhnə şirkətlərə isə maddələr şamil olunmur. Yeni yaradılmış müəssisə üçün 34 milyon tələbi qoyulur. Köhnə müəssisə üçün isə bu tələb yoxdur, o xaricdən siqaret idxal edəcək. Nəticədə yeni müəssisə açmış şəxs bankrot olacaq”.

“Mən istəyərdim Azərbaycanda heç kim siqaret çəkməsin. Ötən iclasda elektron siqaretin Azərbaycanda qadağan edilməsi təklif olundu. Mən bunu araşdırdım, gördüm ki, elektron siqaretlər sağlamlığa az ziyanlı siqaretlər imiş. Yəni biz deyirik, elektron siqareti qadağan edək, hamı keçsin normal siqaretə? Marketlərdə artıq qızlar alıcılara siqaret təklif edir. Təklif edirəm ki, COP29 dövründə siqaretin reklamını yığışdırsınlar. Bizdə köşklərə baxın, hər yerinə siqaretlər düzülüb. Hesab edirəm bu qanun layihəsi geri qaytarılmalı, mütləq ekspertizadan keçirilməlidir”.

Müzakirələrdən sonra qanuna dəyişikliklər qəbul edilib.

Müəllif: Banu Çiçək