Ciyərimiz yanır, möhtəkirin insafı oyanmır

Cəmiyyət

15.06.2020 - 22:56

Marketlərdə adi sərin suya əlçatanlıq aradan qalxır

 

Bakının qızmar yay günlərinin sayı artıqca insanların da təmiz, sərin suya tələbat ənənəvi olaraq artır. Lakin paytaxtın pərakəndə satış şəbəkələri bu vəziyyətdən də öz maraqları naminə sui-istifadə edir.

 

Yay gələn kimi Bakının çoxsaylı marketlər şəbəkələrində əlverişli qiymətə soyuducudan adi ucuz su almaq müşkülə çevrilir. Pərakəndə satış şəbəkələri dükanlarında soyuducuya ucuz sudansa daha bahalı içkilər - şirin içkilər, energetiklər, mineral sular qoyurlar və bununla da vətəndaşların ciblərinə ciddi ziyan vurur, onları susuzluqlarını ödəmək imkanından məhrum edirlər.

 

Son günlər ticarət obyektlərinin bu məqsədli davranışı ilə bağlı müştərilərin şikayətləri daha çox artıb. Paytaxt sakini Elmira Musayeva AYNA-ya deyib ki, uşaqları ilə birlikdə evdən çıxarkən özü ilə soyuducuda sərinləşdirilmiş su götürmək məcburiyyətində qalır: "İki litrlik şüşədə adi içməli suyu soyuducudan götürüb uşaqlarla şəhərə çıxıram. Hava istidir, tez-tez su içmək istəyirlər, odur ki, evdən götürdüyüm ehtiyatım bəs eləmir. Mağazalardakı qiymətlər isə adama Bakı istisindən də pis dəyir. Təəssüf ki, istilərin başlaması ilə marketlərimizdə ucuz suyu soyutmaqdan imtina edilir, əvəzində susuzluğu yatırmayan və sağlamlığa zərərli olan şirin içkilər soyuduculara doldurulur. Düzdür, soyuducuda bəzən adi sular da tapmaq mümkündür, amma mütləq bu su bahalı bir brendin məhsulu olmalıdır".

 

Qadının dediyinə görə, uşaqlarla evdən çıxanda isti günlərdə suya 3-4 manat xərcləməli olur. Belə ki, yarım litr sadə su küçədə möhtəkirlər tərəfindən 50 qəpiyə və hətta, 1 manata satılır: “Ancaq 50 qəpiklik sudan da bir neçə şüşə almalısan. Axı Bakı isitisində orqanizm daha çox maye tələb edir”.

 

Digər həmsöhbətimiz Rövşən Məmmədov bildirib ki, pərakəndə satış şəbəkələrinin satıcıları 20 qəpiklik təmiz su şüşələrini soyuduculara  qoymaqdan imtina edirlər: "Bu mağazalarda istidən əvvəl sərin suyu normal qiymətə almaq mümkün idi, amma indi soyuducularda yalnız şirin kolalar və enerji içkilərini görürük. Məlumdur ki, bu içkilər insan orqanizminə zərərlidir. “Soyuducu boş ola-ola təmiz suyu niyə ora qoymursuz” sualına əksər satıcılar şirkətin buna icazə vermədiyi cavabını verirlər. Güman edirəm ki, şirkət deyəndə onlar soyuducuların sahibi olan iri şirkətləri nəzərdə tuturlar, məsələn, “Coca-cola” şirkətini”.

 

Soğu keçirdiyimiz insanların əksəriyyəti hesab edir ki, bu yolla pərakəndə satış şəbəkələri vətəndaşları adi ucuz sərin su almaq imkanından məhrum edir. Axı istidə susuzluqdan əziyyət çəkən insan isti su içməkdənsə, məcburən soyuq, lakin orqanizm üçün zərərli şirin və enerji içkilərini seçəcək.

İstehlakçılara orijinal adı ilə saxta, zərərli yağlar satılır ...

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyub Hüseynov AYNA-ya açıqlamasında sözügedən vəziyyətdə qeyri-adi bir şey görməyini söyləyib: "Sağlamlıq baxımından soyuq su içmək məsləhət deyil. Belə ki, insan bədəni üçün normal içiləcək suyun temperaturu onun orqanizminin temperaturuna yaxın olmalıdır. Müəyyən bir mağaza və ya pərakəndə satış şəbəkəsi soyuq su satmırsa, bu, satıcının günahı deyil və istehlakçı hüquqlarının pozulması demək deyil. Çünki, alıcı onu maraqlandıran məhsulu başqa yerdə ala bilər”.

 

AİB rəhbərinin sözlərinə görə, əgər “Coca-cola” soyuducusunu dükanlara qoyursa, onda şirkət yazılı və ya şifahi razılaşma əsasında, digər içkilərin orada yerləşdirilməməsini tələb edə bilər.

 

Belə… Ən yaxşısı, isti yay günlərində özünüzlə evdən bolluca su götürün, ya da zərərli içkilər içmək məcburiyyətində qalacaqsınız. Göründüyü kimi, bu situasiyada alıcıların ciyərləri və ya pul kisələri yansa da, heç kimin hüququ pozulmur.

Müəllif: Tanya Samsonova