“Jeholia longchengi” adı verilən əqrəblər ekosistemində əsas yırtıcı olub
Çin Elmlər Akademiyasının Nankin Geologiya və Paleontologiya İnstitutunun alimləri 125 milyon il əvvəl təbaşir dövründə yaşamış nəhəng zəhərli əqrəbin qalıqları aşkar ediblər. AYNA.AZ xəbər verir ki, bu kəşf “Science Bulletin” (SciBull) elmi jurnalında dərc olunub.
Qalıqlar Çinin şimal-şərqindəki zəngin Erkən Təbaşir fosil yataqları ilə tanınan Yixian Formasiyasında tapılıb.
Əqrəbə növ adı “Jeholia longchengi” verilib. Təhlillər göstərir ki, bu əqrəblərin uzunluğu təxminən 10 santimetrə çatıb ki, bu da onları Mezozoy dövrünün məlum əqrəbləri arasında ən böyüyü edir.
“Jeholia longchengi” ehtimal ki, ekosistemində əsas yırtıcı olub. Onun yemləri arasına böcəklər, hörümçəklər, qurbağalar, kiçik kərtənkələlər və hətta məməlilər daxil ola bilər. Eyni zamanda, əqrəblərin özləri də dinozavrlar və ya məməlilər kimi daha böyük heyvanların ovu olub.
Quru əqrəblərinin qalıqları olduqca nadirdir, çünki bu canlılar adətən daşların və budaqların altında yaşayır.