Ceyhun Bayramov İsrail XİN rəhbərini bölgədəki vəziyyət barədə məlumatlandırıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin yeni təyin olunmuş xarici işlər naziri Eli Kohen arasında telefon danışığı baş tutub.
XİN-dən AYNA-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov ilk öncə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Nazirlər, Azərbaycan ilə İsrail arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin yüksək səviyyəsini qeyd edərək, hazırkı çoxşaxəli əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. İqtisadi, turizm, təhsil, ticarət, yüksək texnologiyalar və digər sahələrdə münasibətlərin inkişaf etdiyi, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyəti qeyd olunub. Münasibətlərin yüksək dinamikasının, xüsusilə də Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılmasının, habelə Səfirliyinin təsis edilməsinin ikitərəfli əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcəyindən əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov həmkarını bölgədəki vəziyyət, habelə post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırıb və İsrail şirkətlərinin qeyd edilən prosesdə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb