Bu günə qədər gündə 3 dəfə "sülh" deyirdiksə, bundan sonra 33 dəfə deməliyik

Aktual

21.09.2023 - 18:09

Paşinyan bu dəfə də vəzifədə qala bilsə, Azərbaycanla sülh müqaviləsini imzalamaqdan qaçmaq üçün heç bir səbəbi qalmadı

24 saatlıq möhtəşəm əməliyyatın məmləkətimiz üçün müsbət nəticələr:

- Antiterror əməliyyatlarının peşəkarcasına, cəmi 24 saata bitməsi çox gözəl oldu,

- Əməliyyatın nəticəsi, Azərbaycanın bütün şərtlərinin qəbul edilməsi tarixi hadisə, möhtəşəm nəticədir,

- Yevlaxda görüşlərin həmən təyin edilib başlaması çox doğru gedişatdır,

- Bu günə qədər gündə 3 dəfə "sülh" deyirdiksə, bundan sonra 33 dəfə "sülh" deməliyik,

Rusiyanın mövqeyi və Şimaldan gələn təhlükələr:

- Rusiya Ermənistan rəhbərliyini açıq hədəfə gətirdi, bütün olan-bitənlərdə Paşinyan və komandasının günahı olduğunu deyir, bölgəni 200 ildir qan çanağına döndərdiyini qəbul etmir, Qarabağ separatizmini yaratdığını, bu münaqişədən istifadə edərək bölgəni nəzarət altına aldığını etiraf etmir, erməni xalqını hər dəfə istifadə edib yarı yolda qoyduğunu demir. İndi də bölgədə sülhü qoruya biləcəyi, “erməni soyqırımının” və “etnik təmizləmənin” qarşısını kəsə biləcək tək güc olduğunu göstərməklə bu məsələdə sinifdə qalıb axmaq yol tutan bəzi Qərb dairələri ilə bölgə üzərindən əlaqələri bərpa etməyə çalışır. Faktiki yeni “Volski” komitəsi qurmağa çalışır, amma anlamır ki, indi 89-cu il, Azərbaycan o zamankı durumda deyil. Amma, cəhdlərini davam etdirərək bölgədə uzun zaman qalmağa çalışacaq,

Ermənistanın mövqeyi və durumu:

- Ermənistan rəhbərliyi bir daha öz xəttinə sadiq qalaraq Qarabağ məsələsini tamamilə öz çiynindən atdı, bunu bir daha təsdiq etdi, amma məsələni həm də Rusiyaya yükləyərək işin içindən çıxdı - çıxmağa cəhd edir. Əgər Paşinyan bu dəfə də vəzifədə qala bilsə, Azərbaycanla sülh müqaviləsini imzalamaqdan qaçmaq üçün heç bir səbəbi qalmadı. Deməli, sülh müqaviləsinə aid sənədlər və protokollar imzalana bilər,

Qərbin mövqeyi və yaranmış çağırışlar:

- Qərbin bəzi dairələrinin mövqeyi, yumşaq desəm, anlaşılmaz olduğu qədər də axmaq və mənasızdır. Ukraynanın haqlı və hüquqi olaraq etdiyi hər şeyə dəstək verənlər, Azərbaycanın atdığı beynəlxalq hüquqa uyğun addımları qınamağa cəhd edirlər, hələ bir sanksiyalara da çağırışlar edirlər. Bu bir daha sübut edir ki, Qərbin siyasi elitası cılızlaşıb, “vizion” sahibləri azdır. Çünki əvvəllər yüksək təhsilli, ağıllı, karyerasını siyasətdə qurmağa can ataraq uğur qazanmaq istəyənlər, ideoloji kimlikləri önə çıxanlar, hətta siyasi idealistlər bu sahəyə gəlirdilərsə, artıq 20-25 ildir ki, təhsilli, bilikli, ağıllı adamlar yüksək maaşlı özəl sektora üstünlük verərək “Apple”, “Tesla”, “Amazon” və s. kimi şirkətlərdə karyera qurmağa üstünlük verməyə başladılar. Özəl sektorda maaş yüksək, publik məsuliyyət yox, şəxsi azadlıqlar bol olur – orbazlı desək, “dövlət” işində maaş az, daim kameralar qarşısında, özəl həyatı məhdud olduğu üçün cəlbedici də deyil. Buna görə də, son zamanlar Qərb siyasətində “vizioner” siyasətçi qıtlığı yaşanır,

Nəticə:

- Son illərdə dediyimiz məsələləri bir daha təkrar edək, bütün təhlükə və çağırışları önləmək üçün Azərbaycan təcili Konstitusiya dəyişikliklərinə gedərək haqq və azadlıqların genişlənməsi, idarəetmənin təkmilləşdirilməsi addımları atmalıdır. Bunun üçün ideal şərait yaranıb, bu addım həm də gələn və gələ biləcək bütün təzyiqləri amortizasiya etmək üçün dövlət insitutlarına yeni imkanlar yaradaraq ölkədə ciddi keyfiyyət dəyişikliklərinə qapı açacaq.

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert