“Bir təkər bir ana fəryadının qarşısını alır” – <font color=red> ORDUYA DƏSTƏK</font>

Cəmiyyət

04.08.2020 - 18:09

Ekspert: “İçinə qum və ya torpaq doldurulmuş təkərlər kiçik çaplı güllələrin hərbçiyə dəyməsinin qarşısını alır”

 

Keçmiş tarixə nəzər salsaq, görərik ki, Aprel döyüşləri xalqımızda düşmənlə mübarizə əzmini bir qədər də möhkəmləndirib. Elə 12 iyulda erməni tərəfin təxribatı nəticəsində cəbhədə atəşkəsin kobud şəkildə pozulması və günlərlə davam edən Tovuz döyüşləri ərəfəsində arxa cəbhədə aparılan mübarizə də onu göstərdi ki, xalqımız günü-gündən düşmənə qarşı daha qətiyyətli davranır.

 

Ekspertlərin də fikrincə, bu dəfə əvvəlki döyüşlərlə müqayisədə arxa cəbhədə daha yaxşı savaşmağa nail olduq. Doğrudur, uğursuzluqlar da oldu, lakin bunlar təhlil edilir, daha uğurlu nəticə üçün hər kəs bacardığı sahədə səy göstərir. Səngərdəki əsgərə tək olmadığını, xalqının arxasında dayandığını, onlara dəstək olduğunu ifadə etmək üçün hər birimiz bacardığımız istiqamətdə çalışdıq və çalışırıq.

 

Elnur Əliyev adlı vətəndaşımız əsgərlərə dəstək məqsədi ilə cəbhə üçün təkər yığmaq kampaniyası təşkil edib. Artıq 15 gündür ki, bu kampaniya davam etdirilir. AYNA-ya danışan Elnur Əliyev deyir ki, bu günlər ərzində 50 TIR-dan çox, 100 mindən artıq təkər cəbhəyə yola salınıb: "Təkərlərin yüklənməsini könüllü dostlarla həyata keçiririk. Yemək, su məsələsini də elə dostlar, tanımadığımız adamlar təşkil edir. Ölkəmizin hər yerindən aksiyaya qoşulan, dəstək olanlar var".

 

O bildirir ki, bu işə davam etmək istəyirlər, lakin TIR-ların təşkili üçün maliyyə yardımı lazımdır: "TIR-ların təşkili üçün maliyyə dəstəyi göstərən olsa, biz lap ac-susuz da bu işi davam etdirərik. Ön cəbhədə əsgərlərimizi tək qoymamalıyıq. Onlar hiss etməlidirlər ki, arxa cəbhədən onlara böyük dəstək var. Elə şüarımız da belədir: “Bir təkər bir ana fəryadının qarşısını alır””.

 

“Əvvəllər hərbi hissələr təkərləri özləri pulla alırdı - birini 20-30 qəpiyə. İndi sağ olsun dostlar, könüllü yardım edirlər. Hava isti, günəşli olsa da, onlar bu işdə çox əzmli və istəklidirlər. Başqa rayonlardan da zənglər gəlir, onlara da istiqamət veririk”, - həmsöhbətimiz vurğulayır.

 

E.Əliyev onu da qeyd edir ki, görüb həvəslənərək canlı qüvvə kimi yardım edənlərlə yanaşı, gücü çatdığı qədər maddi yardım edənlər də var: “Təkər yığımında iştirak edən, ianə edib dəstək olan insanlara böyük təşəkkür düşür. İndiyəcən iri şirkətlərdən də dəstək olanlar olub. “Nehrəm Holding” rəhbərliyindən Elşən İbrahimov və Dilsuz Ali 200 mindən çox təkəri cəbhəyə göndərmək üçün təmənnasız təşkil etmişdilər. “Berg Energy” də dəstək olub. Digər dəstəkçilərimiz isə təbii ki, tanımadığımız sadə vətəndaşlar, həkimlər, dostlardır. Onlar təkər yığan könüllülərimiz üçün yemək, su təşkil edirlər”.

Hərbi ekspert Ramil Məmmədli mövzu ilə bağlı AYNA-ya danışarkən bildirir ki, cəbhədə bir sıra infrastrukturların qurulmasında əvvəllər də təkərdən istifadə edilib: “Təkərdən cəbhədə, əsasən ön xətdə səngər və avtomobillərin hərəkəti üçün nəzərdə tutulan enli, geniş cığırların salınmasında istifadə edilir. İçinə qum və ya torpaq doldurulmuş təkərlər kiçik çaplı güllələrin hərbçiyə dəyməsinin qarşısını alır. Bundan başqa, postlarda bir sıra infrastruktur var ki, qurulmasında təkərdən istifadə edilir”.

 

“Əvvəllər hərbiçilərimiz bu məsələni özləri həll edirdilər. Tovuz istiqamətində yaşanan gərginlikdən sonra bir sıra mülki şəxsin cəbhə üçün təkər toplayıb göndərmək kampaniyasına qoşulması təqdirəlayiq addımdır. Bu, vətənpərvərlik nümunəsidir. Əvvəllər hərbçilərimiz bu məsələni öz təşəbbüsləri ilə həyata keçirirdilər. Lakin indi mülki şəxslər də qoşulub və bu cür orduya dəstək olduqlarını ifadə edirlər”, - ekspert əlavə edir.

Müəllif: Aləmdə Nəsib