NASA helikopterinin ilk uçuşu aprelin 19-na planlaşdırılıb
NASA-nın əvvəlcə aprelin 11-də həyata keçirməyi nəzərdə tutduğu “Ingenuity” helikopterinin Mars planetində ilk uçuşu indi bazar ertəsi gününə planlaşdırılır. AYNA xarici mediaya istinadən bildirir ki, helikopter-dronun ilk uçuşu ABŞ-ın Şərq sahili vaxtı ilə saat 3:30-da (Bakı vaxtı ilə 11:30) nəzərdə tutulub.
Bu barədə məlumat uçuş başa çatdıqdan bir neçə saat sonra yetişəcək. Bu, tarixdə Yer kürəsi hüdudlarından kənarda ilk uçuş olacaq.
Qeyd edək ki, fevralın 18-də “Ingenuity” Marsda gəzən aparat (Perseverance) vasitəsilə Ezero kraterinə gətirilib. “Perseverance” uçuş zamanı helikopterə dəstək təmin edəcək, fotoşəkillər çəkəcək, ətraf mühit barədə məlumat toplayacaq. Təxminən 20-30 saniyə davam edəcək ilk uçuş zamanı helikopter Mars planetinin səthindən üç metr hündürlüyə qalxacaq. Sonrakı uçuşlar zamanı hündürlük beş metrə qədər artırılacaq.