Bakıda qiymətlər Brüsseli keçib – <font color=red> İzahı yoxdur</font>

İqtisadiyyat

22.10.2019 - 11:08

Bakıda portağalın kiloqramı 2.38 avroya, orta aylıq əməkhaqqı bizdən 12 dəfə çox olan Brüsseldə isə 2.1 avroya satılır

 

İdxal edilən məhsulların bir qisminin qiymətinin qonşu ölkələrlə müqayisədə xeyli baha olması son zamanlar müzakirə olunan məsələlərdəndir. İstehlak bazarında uzun müddət qiyməti aşağı düşməyən məhsullardan biri də portağaldır. Hazırda Bakı supermarketlərində portağalın qiyməti, orta hesabla 4.5 manatdan başlayır.

 

Yay aylarından yüksələn qiymət payızda da dəyişmədi. Ola bilər, bu meyvənin istehlakımızda payı çox deyil, amma bir məhsulun qiymətinin artıq aylarla dəyişməməsi və qonşu ölkələrlə müqayisədə dəfələrlə baha olması iqtisadi əsaslarla izah edilə bilməz.

 

Belə ki, qonşu Gürcüstanda keyfiyyətindən və istehsal yerindən asılı olaraq portağalın qiyməti 0.4-1.35 avro arasında dəyişir. Yəni, qonşu ölkədə sözügedən məhsulun qiyməti bizim ishtehlak bazarı ilə müqayisədə keyfiyyətindən asılı olaraq 2-5 dəfə ucuzdur.

 

Orta aylıq əməkhaqqı 3,300 avro olan, Avropanın siyasi paytaxtı hesab edilən Brüsseldə də portağalın qiyməti Bakı ilə müqayisədə aşağıdır. Avropa pulu ilə ifadədə Bakıda portağalın kiloqramı 2.38 avroya, orta aylıq əməkhaqqı bizdən 12 dəfə çox olan Brüsseldə isə 2.1 avroya satılır.

 

Bunun səbəblərini iqtisadi baxımdan izah etmək mümkün deyil. Düşünə bilərsiniz ki, niyə sadəcə bir meyvənin qiymətini müzakirə edirik. Məsələ sadəcə portağılın qiyməti ilə bitmir.

 

Bu, əslində ondan xəbər verir ki, hələ də xarici ticarətimiz tam liberallaşmayıb. Belə olmasaydı, sahibkarlar ən asan variantda Gürcüstandan həmin meyvəni gətirib daha ucuz qiymətə təklif edib gəlir əldə edə bilərlər. Deməli, bu meyvənin idxalı ilə az sayda sahibkarlar məşğul ola bilirlər: hətta bəzən rəsmi statistikada say çox görünsə də.

 

Təəssüf ki, bu, bir sıra digər ərzaq məhsulları üzrə də müşahidə olunur. İstehlak bazarında qiyməti region bazarları ilə müqaysədə kəskin yüksək olan məhsullarla bağlı monitorinq aparılaraq, mətbuatda işıqlandırılmasını və xüsusən də idxal prosesinin, yaşıl dəhlizin fəaliyyətinin monitorinqində ictimai nəzarətin gücləndirilməsini təklif edirik.

 

Gizli iqtisadiyyatın minimumlaşdırılması, monopoliyanın tam aradan qalıdırılması iqtisadiyyatın tam libeallaşdırılması sayəsində mümkündür.

Müəllif: Vüqar Bayramov, deputat, iqtisadçı-ekspert