15-i gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin əsəcəyi gözlənilir
Bir neçə gündür ki, ölkə ərazisində sabit, mülayim hava şəraiti üstünlük təşkil edir, yüksək temperatur rejimi qeydə alınır.
AYNA xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 9 dərəcə yüksəkdir. Keçən il isə torpaq çərşənbəsində havanın temperaturu iqlim norması daxilində olub.
G.Məmmədova bildirib ki, bu il Bakıda və Abşeron yarımadasında, eləcə də, bəzi bölgələrdə havanın temperaturu 25-28 dərəcəyədək yüksəlib: “Çoxillik müşahidə məlumatlarına əsasən, son 10 ilin Torpaq çərşənbəsində ən güclü külək 2014-cü ildə qeydə alınıb, şimal-qərb küləyinin maksimal sürəti 30 metr/saniyəyə çatıb”.
Xidmət rəsmisinin sözlərinə görə, martın 14-də Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti martın 15-i gecə saatlarınadək davam edəcək, 15-i gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin əsəcəyi gözlənilir.