Bakıda bir gecədə 12 avtomobildən oğurluq edən şəxs saxlanılıb

Xəbərlər

01.06.2021 - 13:39

Onun keçən ayın əvvəllərində daha 3 avtomobildən eyni üsulla oğurluq etdiyi məlum olub

 

Paytaxtın Nizami rayonunda nəqliyyat vasitələrinin yan şüşələri sındıraraq avtomobillərin salonlarından pul və digər qiymətli əşyalar oğurlanıb. Bu barədə zərərçəkən şəxslər Nizami Rayon Polis İdarəsinə və 25-ci polis şöbəsinə müraciət edərək hadisəni törədən şəxsin tutularaq məsuliyyətə cəlb olunmasını xahiş ediblər.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, həmin hadisələr dərhal nəzarətə götürülüb və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Həmin oğurluqları törətməkdə şübhəli bilinən şəxs, əvvəllər məhkum olunmuş Elgün Şirinzadə Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən “isti izlər”lə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

 

O, gecə saatlarında növbəti dəfə avtomobillərdən birinin şüşəsini sındırıb hadisə yerindən qaçmaq istəyərkən Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən tutularaq 25-ci polis şöbəsinə təhvil verilib.

 

Araşdırma zamanı Elgün Şirinzadənin mayın 31-nə keçən gecə təkcə Nizami rayonunda 12 nəqliyyat vasitəsinin yan şüşələrini sındıraraq oğurluq etdiyi müəyyənləşdirilib. Bundan başqa, onun keçən ayın əvvəllərində paytaxt ərazisində daha 3 avtomobildən eyni üsulla oğurluq etdiyi məlum olub.

 

Elgün Şirinzadə barəsində 25-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə təqdim olunub. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə nazirliyin 102 Xidməti - Zəng Mərkəzinə məlumat verə bilərlər.

Müəllif: Ayna.az