Səfir: "Qarşıdurma yenidən bərpa oluna bilər ki, heç kim bunu istəmir"
"ABŞ Qarabağ məsələsində Rusiya ilə dialoq apara bilməz. Lakin rusların tərəfləri müzakirəyə dəvət etdiyini bilirik".
AYNA xəbər verir ki, bu sözləri “Azadlıq” radiosuna müsahibəsində ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter deyib.
“Rusiyanın Ukraynaya qarşı müharibəsi Rusiyanın iştirak etdiyi çoxsaylı formatlara təsir edib. Moskva beynəlxalq sistemin normalarını o dərəcədə pozub ki, onunla əməkdaşlıq yollarını tapmaq çətindir. Eyni zamanda, ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin, sərhədlərin həllinə, ədalətli və davamlı sülh axtarışına diqqət yetirir. Məhz buna görə də biz Ermənistan və Azərbaycanla ikitərəfli və üçtərəfli görüşlərdə iştirak edirik, Avropa İttifaqının, xüsusən də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin səylərini dəstəkləyirik", - deyə səfir bildirib.
"Ancaq heç kimə sirr deyil ki, ruslar tərəfləri müzakirələrə dəvət edirlər və heç kimə sirr deyil ki, rusların yerdə sülhməramlıları var. Hazırda biz rusların hərəkətləri ətrafında dialoq apara bilmərik. Rusiyanın müzakirələrində iştirak etmək istəyib-istəməyəcəyinə tərəflər özləri qərar verirlər”, - Karpenter əlavə edib.
Vasitəçilərdən danışan amerikalı diplomat vurğulayıb ki, ABŞ digərlərindən fərqli olaraq Ermənistan və Azərbaycanın qonşusu deyil, qərəzli maraqları yoxdur və buna görə də daha qərəzsiz və səmimi ola bilər.
Karpenterin sözlərinə görə, bundan həm İrəvan, həm də Bakı xəbərdardır: "Düşünürəm ki, hər iki tərəf Birləşmiş Ştatların xidmətinə regiona sülh gətirmək üçün dürüst və səmimi səy kimi baxır. Çünki biz bunun uzunmüddətli faydalarını görürük: Biz qonşu ölkə deyilik, ona görə də şəxsi maraqlarımız yoxdur. Düşünürəm ki, bu, ABŞ üçün də üstünlük ola bilər və bu da bizə fikir ayrılıqlarının həllinə nail olmaq üçün qərəzsiz diplomatik vasitələrdən istifadə etməyə imkan verəcək”.
"Biz vəziyyətin pisləşməsinə imkan verə bilmərik. Artıq bir ildən çoxdur ki, Qərb, ABŞ və Avropa İttifaqı regionda sülhün bərqərar olması üçün Ermənistan və Azərbaycanla fəal danışıqlar aparır. Bu görüşlərə görə Vaşinqtonda belə bir təəssürat yaranıb ki, Bakı və İrəvan problemin həllinə nail olmaq istəyirlər, lakin maksimalist meyllər var”, - deyə səfir bildirib və əlavə edib ki, problemin həlli üçün səyləri əsirgəməmək lazımdır: "Əks halda qarşıdurma yenidən bərpa oluna bilər ki, heç kim bunu istəmir".