Əlavə vaqonlara biletlərin satışı artıq başlanılıb
"AZCON Holding" şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin artırılması və Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə artan tələbatın qarşılanması məqsədilə qatarların tərkibinə əlavə yataq tipli vaqonlar qoşur.
ADY-dən AYNA.AZ-a bildirilib ki, iyulun 10-dan etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən qatarların tərkibinə ölkədaxili marşrutlarda istifadə olunan standart+ sinifə aid 3 yataq tipli vaqon əlavə ediləcək. Bununla hər reys üzrə 104 yeni sərnişin yeri yaradılacaq və ümumi yer sayı 178-dən 282-yə yüksələcək. Beləliklə, bir reys üzrə sərnişin tutumu təxminən 60 faiz artacaq.
Qeyd olunub ki, əlavə vaqonlara biletlərin satışı artıq başlanılıb. Standart+ sinif vaqonlarında gediş haqları hazırda istifadə olunan “Stadler” vaqonları ilə müqayisədə daha münasibdir. Bakı-Tbilisi marşrutu üzrə standart+ sinifdə bilet qiymətləri məsafədən asılı olaraq 40,30 manatdan başlayır. Bir istiqamət üzrə minimum gediş haqqı Bakıdan 65,20 manat, Yevlaxdan 53,30 manat, Gəncədən 49,30 manat, Ağstafadan 45,30 manat təşkil edir. Böyük Kəsikdən Tbilisi vağzalına və Qardabani stansiyasına isə biletlərin qiyməti müvafiq olaraq 43,40 və 40,30 manatdır.
Məlumata görə, hazırda “Stadler” vaqonlarında Bakıdan Tbilisiyə komfort sinif üzrə minimum gediş haqqı 79,5 manat, Gəncədən isə 58,20 manatdır. Yeni vaqonların istismara verilməsi daha çox sərnişinin beynəlxalq marşrut üzrə daha münasib qiymətlərlə səyahət etməsinə imkan yaradacaq.
Bildirilib ki, standart+ tipli yataq vaqonlarında texniki xüsusiyyətlər nəzərə alınaraq ödənişsiz baqaj norması 36 kiloqram müəyyən edilib. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə bu vaqonlarda səyyar keytrinq (mobil satış) xidməti də təşkil olunacaq.
ADY-nin məlumatına əsasən, Bakı-Tbilisi-Bakı marşrutu üzrə 25 may-6 iyul tarixlərində 25 minə yaxın bilet satılıb, 14 minə yaxın sərnişin daşınıb. Sərnişinlərin 6356 nəfəri Tbilisidən, 4343 nəfəri Bakıdan, 1112 nəfəri Gəncədən, 808 nəfəri Yevlaxdan, 520 nəfəri isə Ağstafadan qatara minib. Bu göstəricilər marşrut üzrə sərnişinlərin təxminən 40 faizinin bölgələrin payına düşdüyünü göstərir.
Qeyd edək ki, ADY-nin son illərdə xidmət coğrafiyasının genişləndirilməsi və sərnişin məmnuniyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində dəmir yolu nəqliyyatına maraq artmaqdadır. Belə ki, cari ilin ilk altı ayında dəmir yolu ilə 5,4 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20 faiz çoxdur.
ADY bundan sonra da sərnişinlər üçün rahat, əlçatan və təhlükəsiz səyahət imkanlarının genişləndirilməsi istiqamətində tədbirləri davam etdirəcəyini bildirib.