Mikroavtobus TIR-la toqquşub
Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda 6 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.
Nazirlikdən AYNA-ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Siyəzən rayonu ərazisində (Bakı-Quba avtomobil yolunun 85-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 6 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 6 nəfərin meyiti zədələnmiş mikroavtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.