Qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb
Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. AYNA.AZ xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
"Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.
Qeyd olunub ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.