Bağçalarda narazılıq: “Maaşlar kəsilir, qanunsuz ixtisarlar aparılır”

Cəmiyyət

30.03.2023 - 14:16

Prezidentə və Birinci vitse-prezidentə müraciət hazırlanır

"Bağçalarda ixtisası üzrə işləməyənlərin əmək haqqları kəsilir, əksəriyyəti işdən çıxarılır”. AYNA xəbər verir ki, bu barədə Bakıda bağçaların birində işləyən müəllim məlumat verib. Müəllim bildirib ki, ixtisasca ibtidai sinif müəllimidir, sonradan bağça müəllimi kimi fəaliyyətə başlayıb və illərdir ki, bu sahədə təcrübəyə malikdir, lakin onun bu ay əmək haqqından 76 manat kəsilib.

"Başqa bağçalarda da eyni vəziyyətdir. Bundan əlavə, bağça müəllimi üzrə təhsili olmayanların bəziləri işdən çıxarılır, onlara ixtisaslarını dəyişməyə imkan belə verilmir. Biz əmək haqqlarımızın kəsilməsinə etiraz edəndə müəssisədən "Elm və Təhsil Nazirliyinin qərarıdır” deyirlər. Bu ay maaşımdan 76 manat tutublar, deyirlər ki, qeyri-ixtisas sahibisiniz. 76 manat ailədə hər hansı problemin həllidir. Söhbət yalnız maaşın azalmasından da getmir, hər an işimizi itirə bilərik. Bu qərardan hamı nazarılıq edir. İllərlə bağçalarda çalışan, böyük təcrübəyə və ali təhsilə malik insanları, texnikom bitirən gənclərlə əvəz edirlər. Bu proses kütləvi hal alır. Minlərlə təcrübəli, uşaqlar tərəfindən sevilən müəllimələr işdən kənarlaşdırılır. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də məlumat vermişik. Lakin onlar bizim şikayətə məhəl qoymurlar, bizi heç dinləmək də istəmirlər. Bütün bağçalarda vəziyyət eynidir, yüzlərlə insan işsiz qalmaq təhlükəsi ilə üzləşib. Elm və Təhsil Nazirliyinin bu qərarından Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya şikayət edəcəyik. Bağçalar Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olanda belə problemlər yaşanmırdı. Bu gün hamımız işsizlik qorxusu ilə üzləşmişik. Ən acınacaqlısı isə odur ki, Elm və Təhsil Nazirliyi minlərlə insanın taleyinə biganə yanaşır və onları dövlətdən narazı salır”, - deyə müəllim qeyd edib.

“Qaynarinfo” saytı yazır ki, Bakı və əyalətlərdə sözügedən problem ciddi narazılıqlara səbəb olub. Yüzlərlə insanın "çörəklə imtahana çəkilməsi”nə narazılıq edən müəllimələr Elm və Təhsil Nazirliyinə gələrək, şikayət ediblər. Lakin onların şikayətlərinə önəm verən olmayıb. Odur ki, bağça müəllimələri Prezidentə və birinci vitse-prezidentə müraciət hazırlayırlar.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov “Qaynarinfo”ya problemin araşdırılacağını vurğulamaqla kifayətlənib.

Təhsil eksperti Elçin Əfəndi isə açıqlamasında bildirib ki, Prezidentin sərəncamına əsasən ötən ildən etibarən bağcalar Elm və Təhsil Nazirliyinin sərəncamına verilib: "Təbii ki, söhbət dövlət bağcalarından gedir. Artıq bağçalarda müəllimlərin işə qəbulunun həyata keçirilməsi, eyni zamanda ümumi təhsil proqramı Elm və Təhsil Nazirliyinin nəzarəti altında həyata keçirilir. Bu gün bağça müəllimliyi üzrə ixtisası olmayan şəxslər, fərqli-fərqli ixtisas sahibləri, ümumiyyətlə, bağça təhsili ilə bağlı biliklərə malik olmayan şəxslər var. Lakin onların kütləvi işdən çıxarılması yolverilməzdir. Bu məsələdə təcrübə və şəxsi bacarıqlar da nəzərə alınmalıdır”.

Hazırda bağçada işləyən qeyri-ixtisaslı şəxlərin əmək haqqlarının tutulması məsələsinə gəlincə, Elçin Əfəndiyev hesab edir ki, onların əmək haqqı kəsilə, dərəcəsi özbaşına aşağı salına bilməz. Bu, doğru deyil və məhkəmə predmeti də ola bilər.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə bildirib ki, Konistitusiyada eyni əməyə görə, bərabər ödəniş prinsipi var: "İxtisası peşəsinə uyğun deyilsə, onları uyğun peşə ilə təmin etmək lazımdır. Əks halda eyni vəzifə daşıyan şəxslə yalnız dərəcə fərqi olduqda maaş fərqi ola bilər. Əmək qanunvericiliyi prizmasından yanaşanda onların əmək haqqı və dərəcəsi kiminsə istəyi ilə azaldıla bilməz. Bu kimi hallar ancaq qanunla edilməlidir. Həmin müəllimələr tutduğu peşədə başqa bir şəxslə eyni işi yerinə yetirirsə, eyni saat əmək sərf edirsə, onlar bərabər əmək haqqı almalıdır. Bu, Konistutsiyada və eyni zamanda bizim qoşulduğumuz beynəlxalq normalarda da var. Heç kəs özünü qanunlardan üstün saya bilməz”.

Müəllif: Ayna.az