Azərbaycanda müasir tipli laboratoriyalar yaradılıb - <font color=red> FOTOLAR</font>

İqtisadiyyat

20.04.2020 - 15:08

İlham Əliyev “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında iştirak edib

 

Aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi açılıb. AYNA dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev görülən işlər barədə dövlət başçısına məlumat verdi. Bildirildi ki, 1986-cı ildə istifadəyə verilən və o vaxtdan təmir edilmədiyinə görə yararsız vəziyyətə düşən bina əsaslı təmir olunaraq, müasir memarlıq üslubunda, yüksək səviyyədə yenidən qurulub. Ətrafda abadlıq işləri görülüb, yaşıllıq sahələri salınıb.

 

Ölkə rəhbərinə binada fəaliyyət göstərəcək Baş İdarəetmə Mərkəzi barədə məlumat verildi. Bu mərkəz vasitəsilə enerjisistemin avtomatik idarəedilməsinin, idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur. Əməliyyatlar insan müdaxiləsi olmadan məsafədən həyata keçirilir. Hazırda burada müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sistemi qurulur. Yeni sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 80 yarımstansiyanı əhatə edəcək. Yeni SCADA layihəsinin ilin sonunda tam başa çatdırılması nəzərdə tutulur.

 

Diqqətə çatdırıldı ki, on ədəd nəzəri və praktik trenajor zalının yaradıldığı kompleksin Tədris Mərkəzində enerji sistemində çalışan şəxslərə yeni texnika və texnologiyanın öyrədilməsi və onların idarə edilməsi tədris olunacaq. Bu məqsədlə nəzəri və praktiki məşğələlərin tədrisi üçün sinif otaqları təşkil edilib. Burada stansiya və yarımstansiyaların simulyasiyası, rele mühafizəsi və avtomatika, alternativ və bərpa olunan enerji mənbələri, informasiya texnologiyaları, elektrik təhlükəsizliyi və digər aidiyyəti otaqlar yaradılıb.

 

Binada ilk dəfə olaraq müasir avadanlıqla təchiz edilən 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzi yaradılıb. Burada ölkəmizin həyatında baş verən əlamətdar hadisələri, eyni zamanda, energetiklərin fəaliyyəti ilə bağlı təşkil olunan tədbirləri yüksək səviyyədə keçirmək mümkün olacaq.

 

Yenidənqurmadan sonra “Azərenerji” ASC-nin mərkəzi aparatı bu binaya köçürülüb. Əməkdaşların fəaliyyəti üçün bütün zəruri avadanlıqla təchiz edilən iş, toplantı, arxiv otaqları, 165 nəfərlik yeməkxana yaradılıb. Elektron kitabxana və istirahət guşələri də işçilərin ixtiyarına veriləcək. Bundan başqa, burada Azərbaycan Energetika İnstitutu da fəaliyyət göstərir.

 

Prezident İlham Əliyevə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Baş İdarə binasının yenidənqurma layihəsi barədə də məlumat verildi.

 

Kompleksin yeni Laboratoriya Mərkəzi müasir səviyyədə qurulub. Burada müxtəlif növ sınaqların aparılması üçün bütün imkanlar mövcuddur. Ən son model avadanlıqla təchiz olunan laboratoriyalarda geotexnika, geodeziya, inşaat, kimya, metalların və inşaat materiallarının sınağını və digər laborator işləri görmək və onları sertifikatlaşdırmaq mümkün olacaq. Bu isə öz növbəsində enerjisistemin uzunmüddətli istismarını təmin edəcək. Qeyd edək ki, bu cür laboratoriyalar ölkədə ilk dəfə yaradılıb.

 

Kompleksin binasında tibbi maskaların istehsalı üçün xüsusi otaq da ayrılıb, zəruri avadanlıq quraşdırılıb. Burada İdman, Sağlamlıq və Tibb Kompleksi də müasir səviyyədə qurulub. Kompleksdə əməkdaşların idmanla məşğul olması üçün geniş imkanlar var.

 

Sonra Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı ilə görüşdü. Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Müəllif: Ayna.az