Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

İqtisadiyyat

05.02.2021 - 18:48

Ötən il ixrac edilən qazın 4,7 milyard kubmetrin nəqli TANAP vasitəsilə həyata keçirilib

 

Ötən il Azərbaycan Türkiyəyə Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 11,1 mlrd. kubmetr qaz ixrac edib ki, bu da illik müqayisədə 21% çoxdur. Bu barədə AYNA-ya Energetika Nazirliyindən verilən məlumatda qeyd edilib.

 

Bildirilib ki, ötən il Türkiyəyə ixrac edilən qazın 4,7 mlrd. kubmetrin nəqli Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə həyata keçirilib.

 

TANAP-ın bu günə olan ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir (qazın 6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri isə Avropa üçün nəzərdə tutulub – red.). Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.

 

Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır. "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək CQD ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, ötən ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Əlamətdar haldır ki, 2019-cu ilin noyabrında TANAP ikinci – Türkiyə ilə Avropa sərhədinə qədər olan, hissəsinin (Faza-1) təntənəli sürətdə istismara verilməsi mərasimi keçirilib.

 

Energetika Nazirliyinin məlumatına görə, ötən il Azərbaycan 13,5 mlrd. kubmetr qaz ixrac edib, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 15,6% çoxdur.

Müəllif: Ayna.az