ATƏT müşahidə missiyası Azərbaycana gəlib

Siyasət

19.12.2019 - 17:40

Missiya üzvləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşüblər

 

Milli Məclisdə növbədənkənar parlament seçkiləri ilə əlaqədar ölkəmizə səfərə gəlmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) ilə görüşlər keçirilib. Milli Məclisin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, öncə missiya üzvləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşüblər.

 

Komitənin sədri Əli Hüseynli qonaqlara məlumat verib ki, əksər deputatlar Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət ediblər. Parlamentin müvafiq qərarının Azərbaycan Konstitusiyasına uyğunluğu Konstitusiya Məhkəməsində yoxlanılıb. Daha sonra ölkə Prezidenti Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli qərarını nəzərə alaraq, beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və parlamentə növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin olunması barədə Sərəncam imzalayıb.

 

Sonra görüşdə Əli Hüseynli ATƏT DTHİB ilə əməkdaşlıq əlaqələrimizdən söz açıb, bu gün Azərbaycanda professional seçki administrasiyasının mövcud olduğunu deyib. EQM təmsilçilərinin nəzərinə çatdırdı ki, hazırkı Seçki Məcəlləsi ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirilməsinə tam imkan verir.

 

Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun baş seçki eksperti Aleksey Qromov Bakıya səfərin məramını açıqladıqdan sonra Milli Məclisin komitə sədri Əli Hüseynli və komitənin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seçki prosesi və qanunvericiliklə bağlı qonaqları maraqlandıran bütün suallara aydınlıq gətiriblər. Görüşdə DTİHB-in seçki eksperti Radivoje Qrujiç, ATƏT PA-nın proqram və inzibati məsələlər üzrə məsul əməkdaşı Tim Knobjau iştirak ediblər.

 

Sonra ATƏT DTİHB EQM-in nümayəndə heyəti Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşüb. Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun baş seçki eksperti Aleksey Qromov bu görüş üçün yaradılan şəraitə görə minnətdarlıq edib. Siyasi partiyaların seçki prosesində nə kimi çətinliklərlə qarşılaşdığını öyrənmək istədiklərini bildirib.

 

Öncə YAP icra katibinin müavini Siyavuş Novruzov Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan hakim partiyanın seçkilərdə iştirakı barədə ətraflı məlumat verib. Ötən seçkilərdə DTHİB-lə əməkdaşlığın faydalı olduğunu deyib. 20 ildən bəri ölkəmizdə prezident, parlament və bələdiyyə seçkilərinin gedişini tənzimləyən hazırkı Seçki Məcəlləsinin yetkin sənəd olduğunu, vaxtilə ATƏT-in səlahiyyətli nümayəndəsinin iştirakı ilə hazırlandığını və zaman keçdikcə bu məcəlləyə lazımi dəyişikliklər edildiyini deyib.

 

Sonra görüşdə iştirak edən digər siyasi partiyaların rəhbərləri təəssüratlarını bölüşdülər. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Fəzail İbrahimli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev çıxış edərək növbədənkənar parlament seçkilərinə qoşulduqlarını bildiribər. Missiya üzvlərinə seçki platformaları və seçki şüarları, neçə dairədə nə qədər namizəd irəli sürdükləri, seçki prosesində partiyanın maliyyə təminatının qaynaqları, təmsil etdikləri partiyanın parlamentdə neçə seçki mandat qazandığı, təbliğat və təşviqat kampaniyasını necə quracaqları və s. barədə ətraflı məlumat veriblər.

 

Çıxışlarda vurğulanıb ki, ölkəmizdə çox ciddi islahatlar gedir, siyasi sistemdə də islahat aparılması xalqın xeyrinədir; ölkədəki ictimai-siyasi mühit azad və ədalətli seçkilərin keçirilməsi üçün münbit zəmin yaradıb; Azərbaycan qanunvericiliyi seçkidə bütün vətəndaşlara və siyasi partiyalara bərabərhüquqlu imkanlar verir.

 

Partiya rəhbərləri missiyanın nəzərinə Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarında seçki hüquqları pozulmuş və ev-eşiyindən didərgin düşmüş məcburi köçkünlərin seçkidə iştirak edə bilmələri üçün Azərbaycan hökumətinin gördüyü tədbirləri də çatdırıblar.

 

Siyasətçilərin çıxışlarında vurğulanıb ki, hazırda Azərbaycanda demokratik və sabit seçki mühiti var. Seçkiyə qoşulmayan bəzi partiyaların irəli sürdükləri iddialar əsassızdır.

Müəllif: Ayna.az