“Aparat” işləmir, hörmətli deputatlar

Cəmiyyət

25.03.2023 - 10:17

Lütfən, səsinizi çıxarın, bəlkə, sizi dinlədilər

Xatırlayırsınızsa, bir müddət əvvəl bəzi deputatlarımız ictimai nəqliyyatdan istifadə etdiklərini göstərmək üçün sosial şəbəkələrdə fotolarını paylaşırdılar. Yaxud da, sosial media istifadəçilərindən biri hansısa deputatın avtobusdan düşən yerdə, metroda ayaq üstə dayanan yerdə şəklini paylaşıb, “əsl deputat belə olar”, “xalqın içində olan millət vəkili” tipli başlıqlar yazırdılar. Şərhlərdə isə tərifin biri beş qəpikdən idi – “halal olsun!” nidaları ilə kim nə qədər bacarırdısa, tərif edirdi.

“Bu, özünü reklam edir”, “Vallah, özü bilərəkdən belə şəkil çəkdirib, paylaşılmasına göstəriş verib”, “Şəkil çəkdirmək üçün avtobusa (metroya) minib” deyənlərin çoxu isə ağzından vurulurdu. “Xaricdə bir deputat avtobusla işə getmək xəbərinə, bizdə niyə bu əjdahadan yoxdur deyərdiniz”, “Xaricdə nazir işə velosipedlə gedəndə, kaş, bizim də belə deputatımız, nazirimiz olsun deyərdiniz” cavabları ilə inanmayanlar yerindəcə “susdurulurdu”.

Xülasə, mən də ictimai nəqliyyatdan mütəmadi istifadə etdiyini deyən deputatlara indi inanmayanlardanam. Səbəbini yazım, haqlı-haqsız olduğuma qərar verərsiniz. Yaxın oturun, deyim ki, niyə inanmıram.

2023-cü il elə yenicə girmişdi – yanvarın əvvəllərində, konkret desək, ilin ilk ayının 8-ci günündə Bakıya qar yağdı. Həmişəki kimi, paytaxtımızda həyat iflic oldu, yollar buz bağladı, bir-iki gün hərəkətdə çətinliklər yaşandı. Baxmayaraq ki, yağan qar elə də güclü deyildi, amma Bakının qara hazır olmadığını bilirik, hər dəfə bununla bağlı yazılır, deyilir, amma faydası olmur. Biz də ayıbımıza kor olub, necə deyərlər, vəziyyətə öyrəşmişik. Bu problemi qoyaq bir kənara.

Yanvarın 9-cu günü hörmətli deputatlarımızın oturduqları şanlı Milli Məclisin qarşısındakı dayanacaqda “BakıKART”ın terminalından ictimai nəqliyyat kartıma pul yükləmək istədim, amma yükləyə bilmədim. Sadə səbəbdən - “aparat” işləmirdi. Bilirəm, təəccüblənmədiniz, çünki paytaxtımızın istər mərkəzi olsun, istər kənarları – “MilliÖN” terminalında da, “BakıKART” terminalında da çətinliklər yaşanır, gah “aparat” işləmir, gah “aparat” pulunuzu “yeyir”, zəng edirsiniz, cavab verən yox və s. Təbii haldır, bir gün, üç gün işləmir, gəlirlər, düzəldirlər. Əslində bu da təbii hal deyil, amma biz öyrəşmişik.

İndi şanlı parlamentimizin qarşısındakı terminalın məsələsi bir gün, üç günlük olmayıb. Düz yanvarın 9-dan həmin “aparat” işləmir – qar yağan gündən terminal “donub”, yaz gəlir, amma hələ də “buzu” açılmayıb.

Hər gün oradan keçirəm, hər gün də baxıram ki, görüm terminalın “buzu əriyibmi”. Mənim kimi bir çox insanların da baxdıqlarını, amma mən görəni görüb, başlarını yellədiklərini müşahidə edirəm.

Bakıda qar əriyəndən sonra bu terminallara baxan və baxmayan bir çox nəqliyyat qurumlarına müraciətlər etdim, zənglər etdim. Bəzən zəngi götürmədilər, bəzən telefonun o başından mənə musiqi dinlətdilər, bəzən “baxılacaq” dedilər, amma baxılmadı. Aprelin 9-dək aparatın “buzu əriməsə”, 3-cü ayını qeyd edəcəyik.

Həmin vaxtı hörmətli deputatlarımız qış tətilində idilər. Gözlədim ki, tətildən qayıdanda avtobusla Milli Məclisin iclasına gələn hansısa deputat kartına pul vura bilməyəndə aidiyyəti qurumlara zəng edəcək, məsələ həll olunacaq. Amma bu gözləntilərim də suya düşdü.

Fevralın ortalarından deputatlarımızın tətilləri bitib, işə çıxırlar, amma “aparat” hələ də işləmir. İnanmıram ki, hansısa deputatımız kartına pul yükləməkdə əziyyət çəksin, amma o terminalın işinin bərpa edilməsi üçün nəqliyyat qurumlarına müraciət etməsin. Ona da inanmıram ki, avtobuslarda, metrolarda ayaq üstə dayanan formada fotoları çəkilən həmin deputatlar həqiqətən avtobusdan istifadə edirdilər, edirlər.

Sonda lüks avtomobillərində Milli Məclisə gələn deputatlarımızdan öz adımdan və parlamentimizin qarşısındakı dayanacaqdan istifadə edənlər adından xahiş edirəm: o terminalın “buzunun əriməsi” üçün aidiyyəti qurumlara müraciət edin. Vallah, rəiyyəti eşitmirlər, bəlkə, sizi dinlədilər. Siz axı həm də vəkilsiniz, o terminaldan istifadə etmək istəyən, amma istifadə edə bilməyən seçiciləriniz də var...

Müəllif: Anar Bayramoğlu