Anar Kərimov nazir kimi ilk görüşünü keçirib

Mədəniyyət

12.01.2021 - 01:55

Görüşdə Azərbaycan-ICESCO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib

 

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı – ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfər gəlib.

 

Mədəniyyət Nazirliyindən AYNA-ya bildirilib ki, yanvarın 11-də mədəniyyət naziri Anar Kərimov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Görüşdə Azərbaycan-ICESCO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

 

Nazir ICESCO Baş direktorunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək təşəbbüsünü və işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələrini bilavasitə görmək istəyini yüksək qiymətləndirib. Qeyd edib ki, bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə beynəlxalq missiyanın ilk səfəri olacaq.

 

Salim əl-Malik ölkəmizə səfərindən məmnunluğunu bildirərək göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, ICESCO-nun beynəlxalq hüquqa xüsusi ilə də BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığını və suverenliyini daima dəstəklədiklərini və müharibə zamanı da eyni mövqedən çıxış etdiklərini ifadə edib.

 

Yanvarın 12-də ICESCO heyəti Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfər edəcək. ICESCO Baş direktorunun Azərbaycana səfəri yanvarın 15-dək davam edəcək.

Müəllif: Ayna.az