Ağsu RMX-nın direktoru Şərəbanı Məlikova və direktor müavini Əli Hüseynova TƏBİB tərəfindən xəbərdarlıq edilib
Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıyan şəxs işdən çıxarılıb. AYNA-ya bu barədə TƏBİB-dən məlumat verilib.
"Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla əlaqədar bildiririk ki, məsələ TƏBİB tərəfindən araşdırılıb. Araşdırma zamanı məlum olub ki, TTTY şöbəsinin sürücüsü Səmədov Sadiq Yarməmməd oğlu xəstəxanadan çıxdıqdan sonra yoldan avtomobilə qazanc məqsədilə sərnişin götürüb", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, sürücü 23 mart 2020-ci il tarixdə Ağsu RMX-nın direktoru Şərəbanı Məlikovanın Əmri ilə işdən azad edilib.
O da vuğulanıb ki, eyni zamanda Ağsu RMX-nın direktoru Şərəbanı Məlikova və direktor müavini Əli Hüseynova TƏBİB tərəfindən xəbərdarlıq edilib.
Qeyd edək ki, Azərbaycanda təcili tibbi yardım maşını ilə rayonlardan paytaxta sərnişin daşımağa cəhd edilib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin təcili tibbi yardım avtomobilinin sürücüsü Sadiq Səmədovun idarə etdiyi 90-JM-977 dövlət nömrə nişanlı maşınla Bakıya sərnişin daşıyan zaman Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Təcili tibbi yardım maşınının içərisində sürücüdən başqa, daha dörd nəfər də olub. Polis əməkdaşları sərnişini avtomobildən düşürüb, sürücü isə onların suallarına cavab verməkdən boyun qaçırıb.