“Akkord” - jurnalist çəkişməsində yeni məqamlar

Cəmiyyət

02.06.2020 - 20:08

Əziz Orucov: “Bürhan Həmidov bilməli idi ki, məhkəmə qərarında texniki yanlışlıq olarsa, mənzilə girmək qadağandır”

 

Cari ilin 26 may tarixində Qaynarinfo-da yayımlanan “Zakir Qaralov ittiham olunur, "Akkord" susur - Baş redaktorun evini kim zəbt edib?” başlıqlı yazıya "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən cavab verilib. Şirkətin Baş icraçı direktoru Bürhan Həmidovun adından sözügedən saytda daxil olan təkzib məktubunda, jurnalist Anar Orucovun (Qaraşoğlu) "Akkord"un Sumqayıt şosesi 7-ci km-də yerləşən Abşeron Gənclər Şəhərciyindəki mənzilinin əlindən alındığı faktı təsdiqlənir, amma bunun qanuni olduğu bildirilir.

 

Məlumatda qeyd olunur ki, Anar Orucov müqavilə şərtini pozaraq 18 ay müddətində aylıq ödənişini ödəməyib: “Bununla bağlı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən Anar Orucova dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilib, buna baxmayaraq yenə də Anar Orucov ödəniş etməyib. Bundan sonra "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC məhkəməyə müraciət etmək məcburiyyətində qalıb”.

Ülviyyə Şahin