Şəki sakini xəstəxanaya gətiriləndən 3 gün sonra vəfat edib
Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-ya məlumat verilib.
Bildirilib ki, 1977-ci il təvəllüdlü Şəki rayon sakini ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər-ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində yanvarın 30-u saat 21.45-də xəstəxanaya daxil olub. Xəstə fevralın 3-də saat 07.30-da ölüb.
Qeyd edək ki, ötən il noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı vəfat edib. Yanvarın 14-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan Qəniyev Rəşad və Qafarov Azad, fevralın 1-də isə adı açıqlamayan 1951-ci il təvəllüdlü bir xanım da orada ölüb.
Bundan başqa, yanvarın 14-də 1957-ci il təvəllüdlü xəstə, yanvarın 29-da 1941-ci il təvəllüdlü daha bir şəxs həyatını itirib. Fevralın 1-də isə xəstəxanada 1977-ci il təvəllüdlü Bakı şəhər sakininin ölüm faktı qeydə alınıb.