ABŞ-ın qərarı ÜST-ün işinə necə təsir edəcək?

Dünya

24.04.2020 - 19:11

“Hazırda öz işlərimizi həyata keçərəcək qədər vəsaitə sahibik"

 

ABŞ-ın Dünya Səhiyyə Təşkilatını (WHO) maliyyələşdirməyi dayandırmasının qurumun Azərbaycan nümayəndəliyinə təsiri olmayıb.

 

Bunu Dünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün keçirdiyi online mətbuat konfransında söylədi. “Hazırda öz işlərimizi həyata keçərəcək qədər vəsaitə sahibik. Mərkəzi ofisin təşkil etdiyi toplantıda deyildiyi kimi, Covid-19 ilə əlaqəli işlərin həyata keçirilməsində hər hansı çətinlik yoxdur. Bu problemlə bağlı lazım olacaq vəsait mövcuddur. İşlərimizi həyata keçirməyə davam edəcəyik”, – deyə H.Harmancı bildirdi.

 

Bununla yanaşı, nümayəndə qeyd etdi ki, təşkilata maliyyə dəstəyi verən ölkələrin sırasında ABŞ-ın payı daha çoxdur: “Cenevrədəki mərkəzi ofisimizdən əldə etdiyimiz məlumata görə, ABŞ-ın qərarının təşkilatın işinə necə təsir edəcəyi müzakirə olunur. ABŞ-ın bu məsələ ilə bağlı fikrini dəyişməsi Dünya Səhiyyə Təşkilatının maliyyələşməsi baxımından çox vacibdir.”

 

H.Harmancının sözlərinə görə, qurumun yeganə işi Covid-19 koronavirusu ilə mübarizə deyil: “Bizim məşğul olduğumuz işlərin içərisində peyvəndləmə, yoluxucu olmayan xəstəliklərlə mübarizə də var. Amerikanın ayırdığı vəsaitin bu xəstəliklərlə mübarizədə bir təsiri olacaq və ya olmayacaq kimi məsələlərə baxmaq lazımdır. Hər halda, mövcud vəziyyətdə təşkilatın pulsuz, vəsaitsiz qalması ola bilməz. Amma əlbəttə ki, ABŞ-ın bu mövzuda siyasətinin dəyişməsi maliyyələşmə baxımdan çox önəmlidir.”

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Dünya Səhiyyə Təşkilatını maliyyələşdirməyi dayandırdıqlarını açıqlayıb. O, qərarını belə əsaslandırıb:

 

– Təşkilatın öz təməl vəzifələrini yerinə yetirməməsi;

 

– Epidemiya ilə bağlı çox gec hərəkətə keçərək dünyanın vaxt itirməsinə səbəb olması;

 

– Vuhanda epidemiyanın necə baş qaldırdığına dair araşdırma aparmayaraq Çinin tezislərini dəstəkləməsi və bu ölkənin dezinformasiyalarını yayması;

 

– Çindən səyahətlərin dayandırılması barədə vaxtında çağırış etməməsi;

 

– Epidemiya barədə xəbərdarlıq edən çinli həkimlərə qarşı repressiyalara səssiz qalması.

 

Qeyd edək ki, ABŞ Dünya Səhiyyə Təşkilatına ildə 450-500 milyon dollar, Çin isə 40-45 milyon dollar ayırır. ABŞ-ın qərarından sonra Çin hökuməti təşkilata əlavə 30 milyon dollar ayırdığını açıqlayıb.

Müəllif: Ülviyyə Şahin