Yarımçıq şou jurnalistika

Maraqlı

01.03.2021 - 23:00

Azərbaycanda maqazin jurnalistikası digər ölkələrə nisbətən geridə qalır. Bunun səbəbi nədir? Şou-biznes indiki bayağı vəziyyətindən nə vaxtsa qurtula biləcəkmi?

 

Jurnalist, maqazin yazarı Pərviz Hüseyn mövzu haqda AYNA-ya belə şərh verib: "Bizdə şəxsi həyata müdaxilə qanunla tənzimləndiyi üçün paparazzilik inkişaf edə bilmir. Yaxın Türkiyəyə baxsaq, görərik ki, sənətçilər görüntüləndiklərində bundan narahat olsalar da, qanun çərçivəsində heç bir şey edə bilmirlər. Bu da bir-birindən rəngli görüntülərin meydana çıxmasına səbəb olur. Bizdə isə əksidir. Sənətçilərin kaprizləri, şəxsi həyatlarını gizlin yaşamaq istəkləri buna mane olur. Bu da birbaşa mentalitetlə əlaqədardır. Türklər və digər başqa ölkələrdə məşhurlar şəxsi həyatlarını istədikləri kimi yaşayırlar və açıq-aşkar nümayiş etdirirlər. Kimləsə sevgili olarkən "qeyrətsiz", "namussuz" damğası yemirlər. Ancaq bizdə kimsə kiminləsə sevgildirsə və bu nikahdan kənar münasibətdirsə,  günah sayılır. Avtomatik olaraq ictimaiyyət onları qınağa çəkir, tənqid və təhqir edir. Hansı ki, o ictimaiyyətə daxil olan bəzi insanların çoxu yüz hoqqadan çıxır. Ancaq bunu sənətçidə görəndə tufan qoparırlar. Bundan başqa, bütün ölkələrdə şəxsi həyatla yanaşı sənətlə bağlı olan xəbərlər çox maraqla qarşılanır. Bizdə isə sənətə olan maraq şəxsi həyatdan daha azdır. Və məcburən media patronları daha çox reytinq gətirən xəbərlər tələb edirlər. Qaldı ki, qeyri-peşəkar jurnalistlər məsələsinə. Bəli, onlar olub, var və yəqin ki, olacaq da. Hansı ki, lazımsız insanları gətirib mediatik edir, onları sosial mediada reklam edirlər. Belə jurnalistlər üzündən bütün media haqqında yanlış fikirlər yaranır. Digər bir məsələ: biz Azərbaycan mediası olaraq Türkiyədə yayımlanan seriallar haqda xəbərlər hazırlayırıq. Lakin öz seriallarımıza biganəyik. Mən bunu qəbul etmirəm, məncə öz seriallarımız haqda da yazmalıyıq. Aktyorlarımızı, sənətçilərimizi gündəmə gətirməliyik. Mən demirəm ki, qeyri-peşəkar insanları gündəm edək, lakin öz sənətçilərimizin sənəti ilə yadda qalması üçün də müəyyən addımlar atmalıyıq. Bizdə şou-biznesin tamamilə bayağı olduğunu düşünmürəm. Yetərincə səviyyəli sənət adamları var. Sadəcə insanların onlara marağı azdır, məsələn birinin sənəti var, istəyir ki, yalnız sənəti ilə gündəmdə qalsın, lakin bizdə də hər şey sadəcə sənətlə irəliləmir. Bizim tamaşaçı türk tamaşaçısı deyil ki, hər tip xəbəri qəbul etsin. Maraqlı işlər ortaya qoymaq lazımdır. Məsələn, türk sənət adamları sosial media hesablarında çox maraqlı fotosessiyalar paylaşır, maraqlı görünməyə çalışırlar. Bizdə şou-biznes nümayəndələrinin çoxu şəkillərini belə təqdim etməyi bacarmır, paylaşarkən yazdıqları şərhləri belə mətbuat katibləri vasitəsi ilə yazırlar, özləri yazarkən qrammatik səhvlərlə dolu olur. Bütün bunlar tamaşaçıları da onlardan soyudur".

 

Şou-biznes nə zaman ciddi fərdlərə xidmət edəcək sualını Pərviz Hüseyn belə cavablandırıb: "Bizdə şou-biznes elə ən çox elm, fəlsəfə, siyasət adamlarına xidmət edir. Onların toylarında görürük müğənniləri (gülür). Lakin mənə görə şou-biznesin nəyəsə xidmət etməsi biraz absurddur. Təbii ki, mədəniyyətə xidmət etməlidir. Amma bu, o demək deyil ki, şou-biznes əhlindən olan bir nəfər işini ancaq elm, mədəniyyət üzərində qurmalıdır. Şou-biznes adamının işi əyləndirməkdir. Elmə, mədəniyyətə, fəlsəfəyə, siyasətə qarışmaları seçim məsələsidir, bu, heç bir şəkildə məcburiyyət deyil. Bizdə də məşhurlardan Faiq Ağayev, Nura Suri, Sevda Ələkbərzadə, Mehriban Zəki bu məsələlərdə bəzən müəyyən qədər aktivlik göstərirlər. Aktyorlardan Kamran Ağabalayev, Azər Aydəmir belə məsələlərə biganə qalmırlar. Lakin bir daha qeyd edim ki, şou nümayəndələrinin işi əyləncə və şoudur. Onlardan başqa bir "performans" gözləmək dəxlisizdir".

Bünyamin

Müəllif: Bünyamin