“Ya o, peşəsini səhv salıb, ya da ölü bir cəmiyyətin içərisindədir” – <font color=red> ARİF ƏLİYEV</font>

Maraqlı

26.12.2020 - 22:43

Həkimlər Klinikalar SEO Xidməti

“Media da biznes sahəsidir, amma digərlərindən fərqi ondadır ki, o, həm də ideoloji tezislərə, mənəvi əsaslara söykənir”

 

Mövzusuzluq daim medianın problemlərindən biri olub. Bəzi hallarda jurnalistlər bir-birilərindən mövzu “oğurlayır”, bəzən də mövzusuzluq üzündən işlərini itirmək təhlükəsi ilə üzləşirlər. AYNA mövzunu “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, “Pressklub”un Rəyasət Heyətinin sədri Arif Əliyevlə müzakirə edib.

 

- Arif müəllim, bu gün Azərbaycan mediası mövzu qıtlığı çəkirmi, mövzu böhranı keçirirmi?

 

- Mənə elə gəlir ki, bu, indiki dövrə bir o qədər də uyğun məsələ deyil. Çünki iki böyük hadisə yaşadıq: Bunlardan biri pandemiya, digəri isə müharibədir. Belə bir şəraitdə medianın mövzu qıtlığı çəkməsini təsəvvür etmək çətindir. Ona görə də düşünürəm ki, indiki aylarda bu, Azərbaycan mətbuatında hiss olunmur.

 

- Ümumiyyətlə, necə düşünürsünüz, jurnalistlərimiz mövzu dalınca qaçır, yoxsa özləri mövzu yaradırlar?

 

- Belə bir ifadə var: Jurnalist hadisəni yaratmır, hadisəni təsvir edir. Amma bütövlükdə mövzu axtarışı çox böyük ustalıq tələb edir. Məsələn, elə pandemiya məsələsini götürək, orda elə qatlar var ki, o qatlara enmək üçün, o qatları üzə çıxarmaq üçün jurnalistdən böyük bacarıq tələb olunur. Tutalım, əgər hökumət orqanları tərəfindən hər hansı bir məhdudiyyət tətbiq edilirsə, bu məhdudiyyət insanların həyatına nə cür təsir edəcək? Yaxud, ortaya belə bir mövzu çıxmışdı: talassemiya, onkoloji, dializ xəstələrinin müalicə məsələləri nə cür olacaq? Bu, çox vacib bir məsələdir, amma bunu öncədən görüb, işıqlandırmaq və ona hazırlığı təmin etmək, əlbəttə, böyük ustalıq tələb edir.

 

Odur ki, qarşılıqlıdır. Əgər bir tərəfdən mövzu özü bizi tapırsa, onların içərisində də uyğun mövzu tapmaq, bununla oxucunu cəlb etmək və s. bunlar, əlbəttə də ki, böyük ustalıq tələb edir, xüsusilə də dinc vaxtlarda. O vaxtlar ki, ham eyni şeydən yazır, hətta, heç yazmır, hamı eyni şeyi kopyalayır, bu ondan, o bundan götürür. Baxırsan ki, bir yazı çıxdıqdan 30 saniyə sonra bütün saytları həmin yazı “gəzməyə” başlayır, ordan da köçür televiziyalara. Əlbəttə, yaxşı mövzu tapmaq, ağıllı adam tapmaq çox çətindir, asan məsələ deyil. Bunları təmin edən jurnalist professional jurnalistdir.

 

- Media gündəmlə ayaqlaşmalı, yoxsa gündəm yaratmalıdır?

 

- Bu, toyuqla yumurtanın məsələsinə bənzəyir. Əlbəttə, qarşılıqlıdır. Media gündəmdən kənarda qala bilməz, bu, aydın məsələdir. Amma medianın gündəm yaratmaq bacarığı da çox mühüm bir şeydir. Bir misal çəkəcəm. Britaniya cəmiyyətində azlıqların əmək hüquqları ilə bağlı qanun qəbul etmək heç kimin ağlına gəlmirdi. Birinci “Sun” qəzeti bu barədə bir təklif dərc etdi, ondan sonra media bu məsələnin üstünə elə düşdü ki, iki aydan sonra belə bir qanun layihəsi ortaya çıxarıldı. Və həmin layihə qəbul olunanda Parlamentdə bəyan olundu ki, “heç ağlımıza da gəlməzdi ki, qəbul olunar”. Odur ki, bunlar qarşılıqlıdır.

Belə davam edə bilməz” – media ekspertləri danışdı | KONKRET

Media həm gündəm yaradır, həm də gündəmi izləyir. Məsələn, bu müharibədəki dinc əhaliyə qarşı xüsusi qəddarlıqla bağlı məsələlər. Gəncə kimi böyük bir hadisədə gündəm medianı dalınca dartır, amma bir çox hallara biz rast gəldik ki, onlar hardansa müəyyən məsələləri eşələyib üzə çıxarmaq və geniş şəkildə yaymaqla diqqəti o istiqamətə yönəldir, gündəm yaradır və böyük ajiotaj törədir. Ona görə tək gündəmin dalınca getmək yox, eyni zamanda gündəm yaratmağa çalışır ki, diqqəti özünə cəlb eləsin. Çox zaman bu, problemlərə səbəb olur. Məsələn, “Şok”, “Görünməmiş” kimi ifadələrdən istifadə edirik, bu, süni istismarın nəticəsində ortaya çıxan problemdir.

 

- Media üçün mövzu nədir: gəlir yeri, yoxsa cəmiyyətin sinir nöqtələrinin oyanması?

 

- İstənilən halda mövzu media üçün gəlirdir. Daha keyfiyyətli media üçün gəlir mənbəyi olmaqla yanaşı, cəmiyyətin sinir nöqtlərinə toxunmaq istəyidir. Belə bir ifadə də var ki, media insanların sinirlərini istismar etməklə pul qazanır. Baxın, istənilən KİV-də öndə gedən birinci xəbərlər nədir? Harda yanğın baş verdi, harda ölüm hadisəsi var, harda dava oldu, müharibə, hansısa bədbəxt hadisələr və s. Bütün bunlar özü-özlüyündə qorxu, narahatlıq hissinin istismarı deməkdir. Bilirik ki, buna insanların meyli daha çoxdur, ona görə də onlar hər zaman önə çıxır. Niyə önə çıxır? Diqqət cəlb etmək üçün. Bunun da arxasında iqtisadi maraqlar, auditoriyanın maraqlarını özünə cəlb etmək istəyi və s. dayanır.

 

Eyni zamanda, media biznesdir. Amma bütün digər biznes sahələrindən fərqi ondadır ki, bu, həm də ideoloji tezislərə, mənəvi əsaslara söykənən bir biznes növüdür. Yəni onun ümdə məqsədlərindən biri də auditoriyanı nəyəsə kökləmək, onda hansısa qıcıqlar oyatmaq, hansısa keyfiyyətləri möhkəmləndirmək, hansısa keyfiyyətləri islah etmək və s-dir. Ona görə də bu iki vəzifədən bir-birinə keçid qapısı həmişə açıq olmalıdır.

 

- Dünya mətbuatının mövzusu ilə bizim medianın mövzusu nələrlə fərqlənir?

 

- Əgər söhbət bugünkü vəziyyətdən gedirsə, prinsipcə, eyni məsələdir: müharibə, müharibə təhlükəsi, konfliktlər və pandemiya. Konfliktlər, münaqişələr hər zaman öndə olan mövzular olub. Eyni şeyin proyeksiyasını biz Azərbaycan mətbuatında da görürdük. Düzdür, xüsusi mətbuat da, ixtisaslaşmış mətbuat da var. Onlar da kifayət qədər böyük seqmentdir - hansı ki, ayrı-ayrı təbəqə, dairə və auditoriyaların maraqlarını özündə tutur. Məsələn, uşaq qəzetləri, peşə ilə bağlı ədəbiyyatlar, icmaların televiziyaları və s. Amma bununla belə, yenə bir nömrəli, əsas maraq dairəsində olan mövzu dünyada olan münaqişələrdir.

 

Məhz burdan doğur ki, biz çox zaman şikayət etməyə başlayırıq ki, nə qədər neqativ vermək olar, nə qədər mənfiliklərdən yazmaq olar, müsbət auditoriyanı müsbətlə yükləmək lazımdır… Bu, ordan yaranıb ki, ümumiyyətlə medianın birinci funksiyası hakimiyyətin, siyasi institutların fəaliyyətinə nəzarət etmək və onun eyiblərini üzə çıxarmaqdır. Bunu KİV sui-istifadə həddinə çatdıranda problemlər yaranır. Amma kökü ordan gəlir ki, bu, cəmiyyətin siyasi institutlar və hakimiyyət üzərində ən təkmil və ən yaxşı nəzarət formasıdır.

newspaper | History & Facts | Britannica

- Məsələn, ingilis jurnalistlə azərbaycanlı jurnalistin mövzu seçimi arasında necə bir paralel aparmaq olar?

 

- Hər ikisində də oxşarlıq var. Formatlar beynəlxalq jurnalistikada geniş işlənib. Medianın izlənməsi və mediadan mövzunun götürülməsidir, redaksiya toplantılardır, ictimai sirafişlərdir, sosial şəbəkələrin izlənməsidir və s. Mövzuların əksəriyyəti ordan götürülür. Məsələn, birini deyim. Dünya mediasında son hadisələrlə bağlı “Telegram” kanalı özü KİV, jurnalistlər üçün çox ciddi mövzu mənbəyinə çevrilib. Odur ki, mövzunun götürülməsi, tapılması prosedurunun formatları demək olar ki, hər yerdə eynidir. Amma ustalıq, peşəkarlıq mövzunun açılmasında özünü göstərir. Məsələn, həm yerli, həm beynəlxalq mətbuatda indi müharibə mövzusu gedir, döyüşən əsgərlər haqqında xeyli materiallar olur. Fransız qəzetində bir jurnalistin materialını oxudum. Həmin material o dərəcədə ustalıqla işlənmişdi ki… Halbuki, hamının işlədiyi bir mövzu idi. O material elə gözəl işlənmişdi ki, hətta yazının müəllifinə belə, yazıb, materialdan çox xoşum gəldiyini dedim. Həmin materialı yazan isə 27 yaşlı bir gənc idi. Odur ki, mövzu mənbələri, mövzunu üzə çıxarmaq formatları demək olar ki, eynidir, amma mövzu açmaq və təqdim etmək jurnalist ustalığı özünü daha çox göstərir, nəinki mövzu axtarışı prosesində.

 

- Əgər media, jurnalist mövzu böhranı keçirirsə, qələmi qoyub çıxıb getsin, yoxsa…?

 

- Mövzu böhranın olması, prinsipcə mümkün deyil. Mövzu böhranı iki səbəbdən yarana bilər: Ya bu adam jurnalistikaya təsadüfən gəlmiş adamdır, yaxud da ölkədə elə bir totalitar sistem var ki, həyat faktiki olaraq dayanıb, hər şey ciddi nəzarətdədir. Çexov deyirdi ki, “mənə bir mürəkkəb verin, mən ondan hekayə düzəldim”. Yəni istənilən hadisədən, problemdən mövzu çıxarmaq mümkündür. Elementar misal çəkim, adi ictimai nəqliyyatda gedəndə biz sağımıza-solumuza baxsaq, hamısı mövzudur. Ona görə də əgər jurnalistdə mövzu qıtlığı yaranırsa, bu, iki səbəbdən yaranır: Ya o, peşəsini səhv salıb, ya da o, ölü bir həyatın, cəmiyyətin içərisindədir.

Müəllif: Ülviyyə Şahin