Vətəndaşlara və qanunlara hörmətsizlik - Təhsil sistemində analoqsuz qərar

Cəmiyyət

13.10.2023 - 17:41

Deputat: “Nazirliyin bu addımı tələsik qərar idi... Əgər vəziyyət belədirsə, bu, əmək qanunvericiliyinə ziddir”

Sabiq nazir: “Bu, nə absurd yanaşmadır?! Dərhal problem öz həllini tapmalıdır

2022-ci ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən uşaq bağçaları Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyinə keçdi. 10 illik fasilədən sonra məktəbəqədər tədris müəssisələrinin yenidən Nazirliyin balansına verilməsi müəyyən ümidlər yaratsa da, ETN “sürprizləri” ilə təhsil ictimaiyyətini yenidən təəccübləndirdi.

Belə ki, qeyri-ixtisas tərbiyəçi-müəllimlərin vəzifə dərəcələrinin və maaşlarının azaldılması ilə bağlı qərar qəbul edildi və bu, kəskin etirazlara səbəb oldu. Bundan sonra Nazirlik tərəfindən qeyri-ixtisasların dərəcələri və əməkhaqları təkrar bərpa olundu.

Lakin... Bu qərar yalnız Bakı şəhəri ərazisində icra edilməyə başladı. Sumqayıt, Abşeron və digər regionlarda çalışan bağça işçiləri bu haqlarından məhrum qaldılar.

Və yenə ortaya absurd mənzərə çıxır. Belə ki, qeyri-paytaxt üzrə bağçalarda çalışan, dərəcə və maaşları azaldılan tərbiyəçi-müəllimlərdən yalnız ETN-ə rəsmi müraciət edən, narazılığını bildirənlərin haqları özlərinə qaytarılır, digərləri haqsızlıqla üz-üzə qalmaqda davam edirlır.

Bütün bunlarla bağlı AYNA-ya Sumqayıt, Abşeron və digər bölgələrdən onlarla şikayət məktubu daxil olub.

Təsəvvür edin: vətəndaşların maaş və dərəcələrinin kəsilməsi qərarı dərhal və bütün ölkə üzrə icra olunur, amma bu ədalətsiz qərarın ləğvi barədə ikinci qərarın icrası fərdi şəkildə və insanları süründürməçiliyə məruz qoymaqla həyata keçirilir.

Əgər qərar ümumidirsə, niyə hamıya şamil olunmur? Nazirlik niyə məhz müraciət edən müəllim və tərbiyəçilərin dərəcə və maaşlarını artırır? Bu qayda hansı qanunvericilikdə və təcrübədə nəzərdə tutulub? Yəni, “ağlamayan pəpə yoxdur”? Budurmu qanunlara və vətəndaşlara hörmət?!

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Kamilə Əliyeva AYNA-ya açıqlamasında eyib ki, məktəbəqədər tədris müəssisələrinin ETN-in balansına verilməsi müsbət addımdır: “Məlumdur ki, uşaq bağçaları uzun müddət Təhsil Nazirliyinin tərkibində olub. Sonradan bu müəssisələri yerli icra hakimiyyətərinin balansına verdilər. Məktəbəqədər tədris müəssisələrinə nəzarət faktiki olaraq bir əldə cəmləşmirdi. Bu isə idarəetmə zamanı müəyyən problemlərə yol açırdı. Bu xüsusda uşaq bağçalarının yenidən Elm və Təhsil Nazirliyinin tərkibinə qaytarılması labüd idi. Çünki uşağ bağçaları da tədris müəssisəsidir”.

“Təbii ki, yaxşı olardı ki, məktəbəqədər tədris müəssisələrində ixtisaslı kadrlar çalışsınlar. Ya da bu müəssisələrdə çalışanların ixtisasartırma kurslarında iştirakı təmin olunsun. Ancaq bu, zaman məsələsidir. Bu baxımdan mövcud işçilərin hüquqlarının qorunması vacibdir”, - deyə deputat bildirib.

Həmsöhbətimizin fikrincə, qeyri-ixtisas tərbiyəçi-müəllimlərin vəzifə dərəcələrinin və maaşlarının azaldılması ilə bağlı qərar tələsik qərar idi: “Məhz buna görə də Nazirlik sonradan bu qərarı ləğv etdi. Bu qərar bütün Respublika ərazisinə şamil olunub. Şəxsən məndə məlumat yoxdur ki, Bakı və Sumqayıt şəhərlərindən başqa digər bölgədən olan qeyri-ixtisas və müəllimlərin vəzifə dərəcələri və maaşları bərpa olunmayıb. Əgər həqiqətən də vəziyyət belədirsə, bu, əmək qanunvericiliyinə ziddir”.

“Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi bu məsələni diqqətdə saxlayacaq və ədalətsizliyi aradan qaldıracaq. Son dövrlər Azərbaycanda təhsil sahəsində ciddi islahatlar aparılır və bunu alqışlamaq lazımdır. Düşünmürəm ki, bu vəziyyət uzun müddət belə davam edəcək. Hesab edirəm ki, məktəbəqədər tədris müəssisələrinin də fəaliyyətində dönüş yaradılmalıdır”, - deyə Əliyeva vurğulayıb.

Sabiq təhsil naziri, professor Firudin Cəlilov isə fərqli düşünür. O, AYNA-ya şərhində söyləyib ki, məktəbəqədər tədris müəssisələrinin ETN-in balansına qaytarılması doğru qərar deyildi: “Ona görə ki, bu nazirlik kifayət qədər yüklənib. Ümumtəhsil məktəbləri, ali və orta ixtisas məktəbləri və elm subyektləri bunların nəzarətindədir. Bu müəssisələri doğru-düzgün idarə edə bilmirlər. Üstəlik uşaq bağçalarını da bunlara veriblər. Onlar da idarəetməni təmin edə bilmir və ortaya bu cür biabırçı hallar çıxır”.

“Əgər qərar varsa, bütün respublikaya şamil olunmalıdır. Əvvəla radikal addımlarla nəyəsə nail olmaq olmaz. Məktəbəqədər tədris müəssisələrində çalışan qeyri-ixtisas tərbiyəçi-müəllimlərin vəzifə dərəcələrinin və maaşlarının azaldılması ilə bağlı qərar səhv idi. Sonradan özləri də başa düşdülər ki, səhv ediblər və qərarı geri oxudular. Bir halda ki, qərar geri oxunub, zəhmət çəkin bu qərara əməl edin”, - deyə mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, ölkənin təhsil sahəsinə rəhbərlik etdiyi dövrdə vəziyyət fərqli idi: “O zaman məktəbəqədər tədris müəssisələri müəyyən müəssisələrin tabeliyində fəaliyyət göstərirdi. Misal üçün, Tağıyev adına Kombinatın nəzdində uşaq bağçası mövcud idi. Bu müəssisədə çalışan və oraya bağlı şəxslərin övladları həmin bağçalarda məktəbəqədər tədrisə cəlb olunurdular. Sonradan bu sistemi dağıtdılar. Məqsəd də o idi ki, həmin bağçaları satışa çıxarsınlar. Etdilər də və bu gün həmin bağçaların yerində marketlər, şirkətlər, biznes subyektləri fəaliyyət göstərir”.

“Müstəqilliyimizin 32-ci ilinə qədəm qoysaq da, çox təəssüf ki, bağçalar heç zaman normal idarə olunmayıb. Buna son qoymaq lazımdır. Necə yəni, kim şikayət edirsə, onun dərəcə və maaşlarını artırırlar?! Bu, nə absurd yanaşmadır?! Tezliklə problem öz həllini tapmalıdır”, - deyə Cəlilov fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev