Vergi yükünü 15 faiz ətrafında saxlamaq daha ədalətli olar

İqtisadiyyat

24.10.2019 - 15:34

Hazırkı gəlir vergisindən azadolunmalar müqabilində müəlliflik qonorarı üçün vergi yükü kifayət qədər yüksəkdir

 

Vergi orqanlarında vergi yükünün yüngülləşdirilməsi ilə bağlı verdiyimiz təkliflərdən biri də müəlliflik qonorarı ilə bağlı idi. Müəlliflik qonorarı üçün ödəmə mənbəyində 15% sosial sığorta, 14% vergi ödənməlidir - cəmi 29%. Bu vergi yükünü 15% ətrafında saxlamaq (10%+5%) indiki şəraitdə daha ədalətli olardı.

 

Hazırkı gəlir vergisindən azadolunmalar müqabilində müəlliflik qonorarı üçün vergi yükü kifayət qədər yüksəkdir. Həm də bu kateqoriyadan olan şəxsləri məcbur edir ki, ildə 1 ya 2 dəfə aldığı qonorara görə mikrosahibkar kimi vergi ödəyicisi statusunda uçotda dursun.

 

Özünüz müqayisə edin: il ərzində 10 000 manat qonorar alan şəxs 2900 manat vergi+sosial sığorta yükünə malikdir. Amma başqa bir şəxs bunu xidmət müqaviləsi əsasında etsə, həmin müqavilə, məsələn, 3 aylıq olsa, 650 manat məcmu vergi yükünə malik olacaq. Göründüyü kimi eyni işə görə fərqli vergi rejimində 4 dəfədən çox vergi məbləği yaranır.

 

Daha bir təklifimiz torpaq payçılarına münasibətdə sosial sığorta yükünün yüngülləşdirilməsi idi. Hazırda torpaq payçısı olan ailələr əmək qabiliyyətli üzvünün hər biri üçün minimum əməkhaqqının 6%-i qədər sosial sığorta ödəməlidir. Bu məbləğ nə torpağın keyfiyyətini, nə həcmini nəzərə alır.

 

Məsələn, Siyəzəndə bir ailə təsərrüfatının adambaşına 1 ha, cəmi 4 nəfər əməkqabiliyyətli üçün 4 ha torpaq payı var. Həmin ailə hər ay 60 manat, ildə 720 manat sosial sığorta ödəməlidir. Özü də ehtimal edək ki, həmin torpaq yüksəkkeyfiyyətli (1-ci kateqoriya) torpaqdır. Yəni çox məhsuldardır, daha çox qazanc gətirir.

 

Tutaq ki, Lerikdə eyni tərkibdə ailənin 1 ha torpağı var, torpaq 4-cü kateqoriyadır, yəni çox az qazanc gətirir. Bu ailə də 720 manat illik sığorta haqqı ödəməlidir.

 

İndi baxın, 1 ha torpaqda 4 nəfər şəxs nə əkib-becərə və sata bilər ki, bütün xərcləri ödəyəndən sonra 720 manat da sosial sığorta ödəsin? Belə ədalətsiz vergi sistemi ola bilərmi ki, nə torpağın sahəsini, nə keyfiyyətini, nə suvarılan olub-olmadığını ümumiyyətlə nəzərə almadan hamısına ucdantutma eyni sosial sığorta yükü olsun?

 

Artıq açıqlanan dəyişiklik layihəsindən göründüyü kimi, müəlliflik qonorarı ilə bağlı məsələyə baxılmayıb.

 

Ümid edirəm ki, ən azından torpaq payçılarının sosial sığorta yükü məsələsi həllini tapacaq. Həm də bu yükün minimum əməkhaqqına bağlılığı mütləq aradan qaldırılmalı, sabit haqq müəyyən edilməlidir. Ola bilər, həmin haqq hər il inflyasiya səviyyəsinə uyğunlaşdırılsın.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert