Namizədlər Vəkillərin Sənəd Qəbulu Komissiyasına indidən müraciət edə bilərlər
Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 05.11.2023-cü il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub. AYNA xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.
Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Əbdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək.
Qəbul imtahanlarında iştirak üçün 330 namizədin sənədinin qəbul olunduğu nəzərə alınaraq, vəkilliyə qəbulla bağlı yazılı test imtahanı 05.11.2023-cü il tarixdə hər növbədə 165 namizəd olmaqla iki növbəli olaraq, saat 10:00-da və 15:00-da baş tutacaq.
İmtahanda iştirak edəcək namizədlərə onların qeydiyyata alındıqları növbə ilə bağlı telefon vasitəsilə məlumat veriləcək. Namizədlərdən imtahan üçün müəyyən olunmuş vaxtdan ən gec bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.
Həmçinin bildirilib ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmək istəyən namizədlər 05.11.2023-cü il tarixdə keçiriləcək imtahan üçün nəzərdə tutulan 330 yerin dolduğunu nəzərə almalıdırlar. Vəkilliyə qəbulla bağlı növbəti imtahanlarda iştirak üçün namizədlər Vəkillərin Sənəd Qəbulu Komissiyasına indidən müraciət edə bilərlər.
Əlavə məlumat üçün (+99412) 594-14-95 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.