Deputat: “Seçkiöncəsi erməni lobbisi hərəkətə keçib və konqresmenləri ələ almağa çalışırlar”
Politoloq: “ABŞ Azərbaycanla razılaşma olmadan Cənubi Qafqazda maraqlarının təmin edilməsinin mümkün olmadığını başa düşür”
Mark Libbi ABŞ-nin Azərbaycanda yeni səfiri təyin olunub. Senat səsvermə yolu ilə Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.
Birləşmiş Ştatların ölkəmizdəki səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatsa da, bu müddətdə yeni səfir təyinatı baş tutmamışdı. 2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Cozef Bayden diplomatın Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb. Ancaq bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.
Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirinin təyinatı ilə bağlı məsələ ilk dəfə deyil ki, gecikdirilir. Bundan öncə də Prezident tərəfindən irəli sürülən namizədlərin ABŞ Konqressi tərəfindən geri qaytarılması halları olub və məhz bu səbəbdən də dəfələrlə yeni səfirlərin təyinatında yubanmalar baş verib.
Bu arada ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Xarici İşlər Komitəsində keçirilən dinləmə zamanı Azərbaycanla münasibətlərin 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcəyini bildirməsi ABŞ-Azərbaycan arasında münasibətlərini yenidən gərginləşdirib. Rəsmi Bakı amerikalı diplomatın bəyanatını beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək, Ağ Evi bu kimi müdaxilə hallarından yayınmağa çağırıb.
İddialara görə, ABŞ Ukraynadan sonra Rusiyaya qarşı Ermənistandan ikinci cəbhə açmaq və Cənubi Qafqazı bütünlüklə nəzarətə götürmək niyyətindədir və ölkəmizə qarşı təzyiqlər də məhz bundan qaynaqlanır.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi şərhçi Elman Nəsirov AYNA-ya açıqlamasında deyib ki, ABŞ ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir: “Düzdür, bəzən ABŞ rəmsiləri, amerikalı diplomatlar və siyasi şərhçilər Azərbaycanla münasibətlərə xələl gətirəcək bəyanatlar səsləndirirlər. Heç şübhəsiz ki, bu açıqlamalar ikitərəfli münasibətlərə xələl gətirir. Xarici İşlər Komitəsində keçirilən dinləmələr və ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın söylədiyi fikirlər bu qəbildəndir”.
“Amerika çalışır ki, Cənubi Qafqazı öz nəzarətinə götürsün. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, kiminsə ruporu rolunda çıxış etməkdən qəti şəkildə imtinası ölkəmizə qarşı müəyyən təzyiqlərin meydana gəlməsinə səbəb olur. Lakin Amerikada da başa düşürlər ki, Azərbaycan regionun lider dövlətidir və ölkəmizin iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Zaman-zaman belə təzyiqlər olsa da, sonradan geri çəkilirlər. Hesab edirəm ki, bu dəfə də belə olacaq”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, Azərbaycanda kimi səfir təyin etməsi Birləşmiş Ştatların sərbəst seçimidir: “Amerikanın Azərbaycanda diplomatik missiyası fəaliyyət göstərir. Vaxtaşırı olaraq səfirləri, diplomatik korpusun əməkdaşlarını dəyişirlər. Bu, onların öz işidir. Azərbaycanla Amerika arasında beynəlxalq terrorizmlə mübarizə, sülhə dəstək, enerji təhlükəsizliyi və digər məsələlərdə tərəfdaşlıq mövcuddur”.
“Erməni lobbisinə bağlı qüvvələr müəyyən senatorları və konqresmenləri ələ alırlar ki, Azərbaycanın əleyhinə fəaliyyət göstərsinlər. Müəyyən mənada buna nail olurlar da. Xüsusən 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər və lokal antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyinin tam şəkildə bərpa olunması erməni lobbisini narahat edir. Seçkilər öncəsi Ağ Evin, eləcə də Senat və Konqress üzvlərinin onlarla hesablaşması, müəyyən “güzəştlərə” getməsi gözlənilir. Lakin bu, ABŞ-Azərbaycan strateji, iqtisadi münasibətlərinə, enerji sahəsində əməkdaşlığa təsir göstərməyəcək”, - deyə Nəsirov vurğulayıb.
Mövzunu AYNA-ya şərh edən beynəlxalq münasibətlər üzrə ekspert Murad Sadəddinov da əmindir ki, Azərbaycan-ABŞ münasibətlərində müəyyən gərginliklər olsa da, dialoq mühiti mövcuddur: “Heç şübhəsiz ki, Amerika elitasında Ermənistana simpatiya, Azərbaycana qarşı isə qərəzli münasibət həmişə olub. Bunun da öz növbəsində müxtəlif səbəbləri var. Əsas səbəb odur ki, ABŞ-da erməni lobbisi güclüdür və seçkilərin nəticələrinə təsir etmək imkanları var. Bu baxımdan hər zaman çalışıblar ki, onlardan dəstək alsınlar”.
“İkinci səbəb hər ikisinin xristian ölkəsi olması, üçüncü səbəb isə Azərbaycanın Rusiya ilə yaxınlığıdır. Amerika hər zaman istəyib ki, postsovet məkanında güclənsin və ölkələri Rusiyaya qarşı səfərbər etsin. Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa nail olsalar da, ölkəmizi müstəqil və balanslaşdırılmış xarici siyasət kursundan yayındıra bilməyiblər. Buna görə də, vaxtaşırı olaraq Azərbaycana qarşı təzyiq siyasətini işə salıblar”, - deyə müsahibimiz söyləyib.
Sadəddinov hesab edir ki, bu təzyiqlər ötəridir və münasibətlər yenidən bərpa olunacaq: “Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi, münasibətləri normallaşdırmaq cəhdləri də bununla bağlıdır. ABŞ Azərbaycanla razılaşma olmadan Cənubi Qafqazda hər hansı maraqlarının təmin edilməsinin mümkün olmadığını başa düşür. Elə buna görə də münasibətləri pisləşdirməyə getməyəcəklər. O ki qaldı yeni səfirin təyinatına, bu, bir protokoldur və münasibətlərdə heç bir dəyişikliyə səbəb olmayacaq”.